Sosial həyat

"Zəfərin mübarək, Azərbaycan" adlı tədbir

Xətai rayonu 221 saylı tam orta məktəbdə "Zəfərin mübarək, Azərbaycan" adlı tədbir təşkil olundu.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Səmədova şəhidlərə rəhmət, qazilərə şəfa dilədi. Sonra direktor çıxışında Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Uzun illər torpaqlarımızın həsrətində idik və sonunda Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Məktəbimizdə bütün şəhidlərimizin əziz xatirəsi uca tutulur və anım mərasimləri təşkil edilir. Şəhidlər Xiyabanına ziyarətə gedir, qəhrəmanlarımızı yad edirik. Bir neçə dəfə şagirdlərimizi Hərbi Qənimətlər Parkına ekskursiyaya da aparmışıq. Bizim indiki şagirdlərimiz sabahın əsgərləri, zabitləridir.

İkinci Qarabağ müharibəsində məktəbimizin məzunları - Fuad Məmmədov, Elvin Kazımov və Rəcəb Məmmədov hərbi əməliyyatlarda igidliklə iştirak etmiş və döyüşlər zamanı qəhrəmancasına şəhadətə yüksəlmişlər.

Tarixi Zəfərə həsr olunan videoçarxın nümayişindən sonra şagirdlər bir-birinin ardınca hərbi geyimdə vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söyləyiblər. Milli rəqslərlə tədbirin ədəbi-bədii hissəsi davam etdirilib. Vətən müharibəsi və qələbə mövzularında olan tamaşa-səhnəciklər balaca istedadlar tərəfindən peşəkarlıqla nümayiş olunub. Şagirdlər 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərin mübarək, Azərbaycan" adlı tədbirə böyük həvəslə və məsuliyyətlə hazırlaşmışlar.

Tədbirin yekununda vətənpərvərliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".