Zəfərimizin yenilməz bayraqdarları - xüsusi təyinatlılar
Siyasət

Zəfərimizin yenilməz bayraqdarları - xüsusi təyinatlılar

Torpaqlarımızın işğaldan azad edilməsində onlar misilsiz əzmkarlıq və igidlik göstəriblər

Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin 44 günlük Vətən müharibəsindəki fədakar xidməti dünyanın aparıcı hərbi tədqiqat mərkəzlərinin diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu günlərdə Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibədə qeyd etdiyi kimi, onlar işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar, bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.

Ölkəmizdə müasir ordu quruculuğuna başlanması ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın gənc nəsillərinin hərbi sahəyə maraq göstərməsinə, hərbçi peşəsinə yiyələnməsinə xüsusi əhəmiyyət verən dahi rəhbər müstəqil dövlətimizin təhlükəsizliyinin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün güclü nizami ordu yaratmağı qarşıya məqsəd qoyaraq, onu gerçəkləşdirməyə nail oldu. Dövlət müstəqilliyinin bərpasının ilk illərində naşı və bacarıqsız hakimiyyətin bu sahədə yol verdiyi ciddi səhvlərin, xaos və özbaşınalığın ağır nəticələrini aradan qaldırmaq, ayrı-ayrı qrupların əlində cinayət alətinə çevrilmiş pərakəndə silahlı dəstələri ləğv etmək heç də asan başa gəlmədi. Ulu öndər özünəməxsus qətiyyət və müdrikliklə belə qruplaşmaların silahlı dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, hərbi işi mükəmməl bilən və dövlətçiliyə sədaqətlə xidmət etmək amalı ilə seçilən vətənpərvər qüvvələri, mənəvi baxımdan sağlam zabitləri ordu quruculuğuna cəlb etdi. Genişmiqyaslı islahatlar qısa müddətdə müxtəlif qoşun növlərinin, nizami hərbi hissələrin formalaşdırılmasına imkan verdi. Mərkəzləşdirilmiş maddi-texniki təminat, səmərəli maliyyə-təsərrüfat fəaliyyətinin təşkili, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsi, ən başlıcası, mükəmməl qanunvericilik bazasının yaradılması ordunu, ümumilikdə, silahlı qüvvələri müstəqil dövlətimizin əsas sütunlarından birinə çevirdi.

Bu gün ordumuzun ən qabaqcıl, şan-şöhrətli hissəsi kimi tanınan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) də məhz ulu öndər Heydər Əliyevin Ali Baş Komandan olduğu dövrdə - 1999-cu il aprelin 30-da yaradılıb. Qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin qürur qaynağı olan özəl fəaliyyət birliyi - "bordo berelilər"in təcrübəsi və dəstəyi əsasında formalaşdırılan və yetişdirilən Azərbaycan xüsusi təyinatlıları qısa müddətdə yüksək peşəkarlıq keyfiyyətlərinə yiyələniblər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu prosesində silahlı qüvvələrin digər tərkib hissələrindən biri kimi xüsusi təyinatlıların da hərtərəfli inkişafı təmin edilib, maddi-texniki və sosial təminatı yüksək səviyyəyə çatdırılıb. Şəxsi heyət ölkəmizdə və dünyanın müxtəlif ölkələrində hərb sənətinin sirlərinə yiyələnmiş, fiziki cəhətdən dözümlü, mənəvi-psixoloji baxımdan səbatlı kadrlardan komplektləşdirilib. Azərbaycan xüsusi təyinatlıları Türkiyə ilə yanaşı, Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Onlar dəfələrlə adıçəkilən ölkələrdə keçirilən yarışlarda ilk yerlərə çıxıblar.

Müasir hərb tariximizin şərəfli səhifələrindən olan 2016-cı ilin aprelindəki dördgünlük müharibənin də əsas yükü xüsusi təyinatlı qüvvələrin düşmən qarşısına çıxan bölmələrinin üzərinə düşdü. Onlar ali hərbi komandanlığın tapşırıqlarını canları-qanları bahasına yerinə yetirdilər. Aprel döyüşlərində şəhid olmuş XTQ əməkdaşları - Azərbaycanın Milli Qəhrəmanları, polkovnik-leytenant Murad Mirzəyevin, Samid İmanovun, "Mixaylo" ləqəbli kapitan Mühid Orucovun, vətənpərvər gizir Pəncəli Teymurovun və başqalarının qəhrəmanlıqları bu gün ehtiramla xatırlanır.

Xüsusi təyinatlılarımızın 44 günlük Vətən müharibəsindəki rəşadətli döyüş fəaliyyəti isə, sözün həqiqi mənasında, dastanlara sığmaz. Ötən bir il ərzində XTQ əsgər, gizir və zabitlərinin şücaətləri haqqında yazılanlar ordumuzun bu öncül döyüşçülərinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçıların torpaqlarımızdan qovulması zamanı göstərdikləri igidliklərin cüzi bir hissəsini təşkil edir. Təkcə bir faktı diqqətə çatdıraq: ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq nümunəsi göstərdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən 83 hərbi qulluqçudan 36 nəfəri XTQ əməkdaşıdır.

 

Hərbi mütəxəssislərin rəyinə görə, "Dəmir yumruq" əməliyyatındakı taktiki qələbələrin bir çoxu hədəf koordinatlarını düzgün müəyyənləşdirən, düşməni lərzəyə salan və onları öz döyüş mövqelərində məhv edən XTQ igidlərinin hünəri sayəsində qazanılıb.

 

Bir sıra şəhər və kəndlərimizin, strateji yüksəkliklərin işğaldan azad edilməsində xüsusi təyinatlıların müstəsna xidmətləri olub. Heç təsadüfi deyildir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən il oktyabrın 4-də Cəbrayıl, noyabrın 8-də Şuşa şəhərlərinin işğaldan azad edilməsi münasibətilə məhz XTQ-nin komandanı Hikmət Mirzəyevi təbrik edib və oktyabrın 17-də ona general-leytenant ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb. Onu da qeyd edək ki, general-leytenant Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, orden və medallarla təltif edilib. O, 2016-cı ilin Aprel döyüşlərinin də hərbi rəhbərlərindən biri olub.

Hərbi mütəxəssislərin rəyinə görə, "Dəmir yumruq" əməliyyatındakı taktiki qələbələrin bir çoxu hədəf koordinatlarını düzgün müəyyənləşdirən, düşməni lərzəyə salan və onları öz döyüş mövqelərində məhv edən XTQ igidlərinin hünəri sayəsində qazanılıb. Müdafiə Nazirliyi xüsusi təyinatlılarının təkcə adının ucadan çəkilməsi erməni quldurlarının döyüş meydanından kütləvi şəkildə qaçmasına səbəb olduğunu… əsir düşən erməni döyüşçülərin etirafından eşitmişik.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu günlərdə Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibədə Azərbaycan xüsusi təyinatlılarına həmişə xüsusi diqqət yetirdiyini bildirib. Dövlətimizin başçısı deyib: "…Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq". Müzəffər Ali Baş Komandan 44 günlük müharibə zamanı aparılan döyüş əməliyyatlarından bəhs edərkən, ərazinin relyefinin ordumuz üçün çox əlverişsiz olduğunu bildirərək deyib: "Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq".

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının fəaliyyətini çox yüksək qiymətləndirməklə yanaşı, Silahlı Qüvvələrin digər strukturlarının tərkibindəki xüsusi təyinatlı bölmələrin də hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak etdiklərini qeyd edib: "Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər". Müzəffər Ali Baş Komandan hərbi əməliyyatların müəyyən mərhələsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarının, dəniz piyadalarının, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin xüsusi əməliyyat qüvvələrinin də işğalçılara qarşı döyüşlərə cəlb edildiklərini, özlərini çox fəal və səmərəli göstərdiklərini qeyd edib. Döyüşlərdə 7 xüsusi təyinatlı qüvvə iştirak etsə də, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirib.

Azərbaycanın qalib ordusunun bayraqdarları olan xüsusi təyinatlılar bu gün də eyni əzmkarlıqla döyüş hazırlıqlarını yüksəldirlər. Qardaş Türkiyə və Pakistanın müvafiq hərbi bölmələri ilə birlikdə son vaxtlar keçirilən hərbi təlimlər onların yüksək döyüş qabiliyyətində olduqlarını bir daha təsdiqləyir. Dünyanın ən güclü hərbi mərkəzlərinin Şuşanın işğaldan azad edilməsi əməliyyatının texniki-taktiki icrasını təhlil edib araşdırdığı, yeni əsrin müharibəsini aparmış ordumuzun döyüş təcrübəsinin elmi-nəzəri izahını tapmağa çalışdığı bir vaxtda ölkəmiz öz hərbi qüdrətini daha da artırmaqdadır. Hələ də revanşizm haqqında düşünən bəzi ermənilərin qorxulu röyası olan xüsusi təyinatlılarımız müzəffər Silahlı Qüvvələrimizin digər bölmələri ilə birlikdə bundan sonra da milli maraqlarımızın təmin olunmasında qəhrəmanlıqlar göstərməyə hazırdırlar.

Möhtərəm RƏCƏBOVA,

"Respublika".