Dünyəvi problemlərin müzakirəsində ölkəmizin iştirakı labüd hesab edilir
Siyasət

Dünyəvi problemlərin müzakirəsində ölkəmizin iştirakı labüd hesab edilir

Ötən il fevralın 17-18-də Almaniyanın Münxen şəhərində "Dialoq vasitəsilə sülh" şüarı altında 59-cu dəfə toplanan Təhlükəsizlik Konfransının missiyası dövlətlər və təşkilatlar arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək idi. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurası və Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirdi. Bu da indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə fərqlənirdi.

Ölkəmizin başçısının konfransa ali qonaq kimi dəvət olunması yüksək nüfuzun və mövqeyin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun təsdiqi və sübutu idi. O da xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvət olunan və diqqət mərkəzində olan çox az sayda dövlət başçılarından biridir. Münxen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, İlham Əliyev kimi uğurlu liderin fikir və yanaşmaları olduqca əhəmiyyətlidir. Bunun nəticəsidir ki, beynəlxalq birlik Prezident İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir.

Ölkə rəhbəri İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, "enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.

Xatırladaq ki, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, ermənilərin əsassız iddialarını beynəlxalq müstəvidə alt-üst etdi. Bu toplantıdan cəmi bir neçə ay sonra isə 44 günlük Vətən savaşında Azərbaycanın şanlı qələbə qazanması Paşinyana və dünya erməniliyinə verilən tarixi dərs oldu.

Bir sözlə, Ali Baş Komandanın 59-cu Münxen Təhlükəsizlik Konfransında ortaya qoyduğu mövqe, siyasi iradə dövlətimizin dünya miqyasında növbəti qələbəsi oldu. Həmçinin bu konfrans Cənubi Qafqazın liderlərinin bir araya gəldiyi ilk görüş kimi tarixə düşdü. Qeyd edək ki, bu il Münxen Təhlükəsizlik Konfransının 60-cı toplantısında da ölkə başçımızın iştirakı xüsusi mötəbərliyi ilə seçilir. Konfransda iştirak üçün Almaniyaya səfər edən dövlət başçımız qarşı tərəflərin müraciətlərinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxştey, Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful və digər rəsmilərlə görüşlər keçirib. Xatırladaq ki, konfrans fevralın 18-dək davam edəcək.

Göründüyü kimi, ölkə başçımızın imperativlərinin beynəlxalq miqyasda qəbul edilməsi və bunun əsasında Avropanın bir sıra səlahiyyətli nümayəndələrinin Prezident İlham Əliyevlə görüşmək istəyi Azərbaycanın qlobal miqyaslı oyunçulardan birinə çevrildiyini sübut edir. Cənubi Qafqazın lider ölkəsi kimi ölkəmizin geosiyasi və iqtisadi proseslərdəki rolu, "orta güc" hesab olunan ölkələr sırasına daxil olmağımız "qoca qitə"nin diqqət mərkəzindədir. Məlumdur ki, respublikamızın konstruktiv danışıqlar çərçivəsində, qarşılıqlı əməkdaşlıq müstəvisində analoqu yoxdur. Müasir dövrümüzdə Azərbaycanın etibarlı enerji təminatçısı missiyası, COP29 kimi nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsi reallığı bütün dünya ölkələri üçün olduqca dəyərlidir. Qalib ölkə statusuna malik Azərbaycanın qlobal tədbirlərin dəyişməz aktoru olması uğurlarımızın hələ bundan sonra daha çox artacağına işarədir. Məlumdur ki, Azərbaycanı beynəlxalq münasibətlər sistemində səciyyələndirən əsas cəhətlərdən biri milli mənafeyə əsaslanan müstəqil xarici siyasət yürütməklə bağlıdır. Ölkəmizin strateji inkişaf hədəflərinin, ən əsası, xarici siyasətinin məhz milli maraqlara uyğun müəyyənləşdirilməsi prioritet istiqamətlərdən biridir.

Respublikamızın ardıcıllıqla həyata keçirdiyi uğurlu xarici siyasət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi fundamental amilə əsaslanır ki, bu da ölkələr, xalqlar arasında münasibətlər və müxtəlif əməkdaşlıq formatları bərabərlik və qarşılıqlı faydalılıq kimi prinsiplərə söykənir. Azərbaycan da özünün xarici siyasətində məhz bu mövqedən çıxış edərək regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Lakin onu da qeyd edək ki, Azərbaycanın dünyada artan nüfuzu qərəzli xarici dairələrin belə diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar dünyəvi problemlərin müzakirəsində ölkəmizin iştirakını labüd hesab edirlər. Bu da Prezident İlham Əliyevin çoxillik xarici siyasətinin bəhrəsidir.

Tacir SADIQOV,

"Respublika".