YOLUMUZ QARABAĞADIR
Region

YOLUMUZ QARABAĞADIR

Kürdəmir Regional Mədəniyyət İdarəsi əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında yaşayan şəhid övladlarının iştirakı ilə “Yolumuz Qarabağadır” adlı layihə gerçəkləşdirib.

Layihənin məqsədi 44 günlük Vətən müharibəsində  qəhrəmancasına   şəhid olmuş döyüşçülərin davamçılarının - övladlarının vətənpərvərlik ruhunda tərbiyəsinin istiqamətləndirilməsinə köməklik göstərmək, mədəniyyət sahəsi üzrə bilgilərini formalaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Layihədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər keçirilib.

İki gün davam edən layihənin birinci günü avqustun 21-də Füzuli rayonunda baş tutdu. Tədbir Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. Uşaqlar Füzuli rayonunun ərazisi, coğrafi mövqeyi ilə tanış olublar.

Daha sonra Füzuli rayon Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib. Füzuli rayon Muğam Mərkəzində baş tutan “Qiraət saatı”nda tanınmış aktyor, qiraətçi Kamal Yaşar uşaqlar üçün kitab oxuyub. Psixoloqlar Aynur Xudanlı və Ləman Səfərova uşaqlarla fərdi və qrup şəklində psixoloji konsultasiya aparıb, iştirakçılar arasında psixoloji oyunlar təşkil ediblər.

Layihənin ikinci günündə Beyləqan Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” teatrının ifasında xüsusi olaraq uşaqlar üçün hazırlanmış tamaşa nümayiş etdirilib.  Şəhid övladlarının “Səfər xatirələrim” adlı şifahi mini-esseləri dinlənildikdən sonra Kamal Yaşarın iştirakı ilə “Qiraət saatı” başlayıb. Daha sonra Cəbrayıl rayonunun  Cocuq Mərcanlı qəsəbəsindəki “Qayıdış” parkında uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikatların təqdim olunma mərasimi baş tutub. 

“Yolumuz Qarabağadır” adlı layihədə Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayondan olan 8-14 yaşlı şəhid övladları iştirak ediblər.

                                                       Tofiq HÜSEYN,

                                                      “Respublika”.