GƏNCƏDƏ EL ŞƏNLİYİ
Region

GƏNCƏDƏ EL ŞƏNLİYİ

Gəncə şəhərindəki Heydər Əliyev adına meydanda Novruz Bayramı münasibətilə el şənliyi keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçılarını elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar.

Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının, Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıq sinfinin şagirdlərinin, Göygöl rayon Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin çıxışları dinlənilib. Sonra, Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, taekvando, bədii gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub. Meydanda qurulan “Xəmsə çadırları”nda sərgilənən milli geyimlərimiz, “Gəncə səbəti”, qədimi qab-qacaq, həmçinin kitab satış-sərgisi şəhər sakinlərinin marağına səbəb olub. Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib. El şənliyi zamanı qonaqlar Gəncə Uşaq Evinin sakinləri ilə yumurta döyüşdürüblər. Daha sonra, bayram tonqalının alovlandırılması üçün meydana atlılar daxil olublar. Novruz tonqalını 2023-cü ilin “Ən yaxşı çapar”ı adına layiq görülmüş Xəlil Allahverdiyev alovlandırıb. Novruz Bayramına həsr olunan ümumşəhər tədbiri Gəncə Dövlət Filarmoniyasının “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”nın təqdimatında konsrert proqramı ilə başa çatıb.

Zabit XƏLİLOV,

“Respublika”.