XX əsrin əvvəllərində milli intibah prosesləri Azərbaycan ədəbiyyatı tarixinin VI cildi çap olunub
Mədəniyyət

XX əsrin əvvəllərində milli intibah prosesləri Azərbaycan ədəbiyyatı tarixinin VI cildi çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 aprel 2022-ci il 3 saylı qərarı ilə on cilddə Azərbaycan ədəbiyyatı tarixinin VI cildi çapdan çıxıb. Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunan "Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası" adlı cildin redaksiya şurasına İsa Həbibbəyli (baş redaktor), İslam Qəribli (məsul redaktor), Şahbaz Musayev (məsul redaktorun müavini), Tahirə Məmməd, Bədirxan Əhmədov və Mehman Həsənli (məsul katib) daxildir.

İ.Həbibbəylinin "Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası" (Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı) adlı baş məqaləsində dövrün sosial-siyasi və mədəni xülasəsi verilib. Qeyd edilib ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı bu sosial-siyasi hadisələrin fonunda təşəkkül tapıb, milli realist ədəbiyyatın yaranmasında yeni hadisə olub, çoxəsrlik ədəbi-fikir tariximizin tərkib hissəsinə çevrilib.

XX əsrin əvvəllərində Azərbaycanda renessans prosesləri başlayıb. XIX əsrin maarifçi ideyaları XX əsrin əvvəllərində milli-demokratik hərəkata doğru yönləndirilib. "Daha doğrusu, XIX əsrin maarifçilik hərəkatı XX əsrin əvvəllərinin milli-demokratik hərəkatına çevrilib".

Ədəbiyyatın qarşısında ciddi ictimai-siyasi problemlər qoyulub. "XIX əsr Azərbaycan maarifçi ədəbiyyatının əsas hədəfi xalqı gerilikdən xilas etmək, XX əsrin əvvəllərindəki ədəbiyyatın başlıca məramı isə milli istiqlal olub". "Molla Nəsrəddin" Azərbaycanın həqiqət və intibah kitabı" (Mir Cəlal) kimi meydana çıxıb.

XIX əsrdə ilk dəfə yaranan azərbaycançılıq ideyası əsrin əvvəllərində ədəbiyyatda da genişlənib, milli ideala çevrilib. Məsələ mövcud quruluşu dəyişmək olub, xalq milli istiqlala doğru irəliləyib. İ.Həbibbəyli yazıb: "Bu məqam tam mənası ilə maarifçi realizmin inkişaf edərək yeni tarixi şəraitdə tənqidi realizmə çevrildiyini göstərir. Məhz tənqidi realizm cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə cəmiyyətin inkişafına maneəçilik törədən bütün təzahürləri tənqid və ifşa edir. Beləliklə, Azərbaycan ədəbiyyatına "tənqidi realizm mövcud iqtisadi həyat və əxlaq tərzinin artıq tənqid və lənətə məruz qaldığı, inkar, ittiham və rədd olunduğu bir dövrün realizmi kimi formalaşır".

Azərbaycan tənqidi realizmi ilə "Molla Nəsrəddin" ədəbi məktəbinin məqsəd və vəzifələri eyni olub. Tənqidi realist yazıçılar, əsasən, mollanəsrəddinçilər idi. Cəlil Məmmədquluzadə həm "Molla Nəsrəddin", "həm də tənqidi realizm ədəbi cərəyanının ideya rəhbəri və yaradıcısı olub. "Milli istiqlal məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin... dönmədən mübarizə apardığı əsas ideal idi". Ədəbiyyat və ictimai fikir "azərbaycanlı" anlayışından çox, "Haradır Azərbaycan", "Nə etməli" məramı ilə milli dövlət yaratmaq uğrunda mübarizəyə, milli ideal və xalq taleyi ilə məşğul olmağa başlayıb. C.Məmmədquluzadə, Ö.F.Nemanzadə "məsələni belə qoyurdu: "Mən kiməm? - şəklində. "Mollanəsrəddinçilər xalqı" Vətən, millət, dil idealları üzərində kökləməyə çalışır, var gücü ilə yalnız əməl, əməl və yenə də əməl", - deyə çağırırdılar".

"Molla Nəsrəddin" azərbaycançılıq idealının əsas mənbəyi olub. "Azərbaycançılıq məfkurəsini milli-demokratik hərəkat səviyyəsinə qaldırmaq mollanəsrəddinçilərin böyük hünəri və tarixi xidmətləri idi. Bu mənada "Molla Nəsrəddin" ədəbi məktəbi - azərbaycançılıq məktəbi deməkdir... Cəlil Məmmədquluzadənin "Azərbaycan" məqaləsi mətbuatda, "Anamın kitabı" dramı isə ədəbiyyatda azərbaycançılıq idealının manifestidir", - deyə İ.Həbibbəyli yazıb.

"Molla Nəsrəddin"in satira dili, üslubu, janrları, tipajları, karikaturaları mollanəsrəddinçi poetikanın əsası olub. İ.Həbibbəyli yazıb: "Mollanəsrəddinçilik - satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları mənasını ifadə edir. Mollanəsrəddinçilik - ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması hərəkatı deməkdir. Mollanəsrəddinçilik - ədəbiyyata, milli istiqlala, müstəqil dövlətçilik idealına, azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət deməkdir".

İ.Həbibbəyli yazıb ki, mollanəsrəddinçi, tənqidi-realist ədəbiyyatımız sürətlə inkişaf edib, satirik-yumoristik mətn və pafos XIX əsrdə satirik-didaktik xarakter alıb, XX əsrin əvvəllərində isə tənqidi-satirik ədəbiyyat səviyyəsinə yüksəlib. Müəllif tezis verib ki, "XIX əsr Azərbaycan maarifçi realizmində satira islahedici mahiyyət daşıdığı halda, XX əsrin əvvəllərinin tənqidi realizmində kəskin ifşaedici məzmunda olub". Mollanəsrəddinçilər tənqidi-satirik ədəbiyyatın yaradıcı və hərəkətverici qüvvəsi olub. Əsrin əvvəllərində tənqidi-satirik ədəbiyyatı yaradanlar isə C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Ə.R.Şamçızadə və başqaları olub...

"Tənqidi realizm Azərbaycan ədəbiyyatına özünün tipik şəraitdə tipik obrazını gətirib", - deyə İ.Həbibbəyli yazıb. Göstərib ki, ilk dəfə "kiçik adamın" böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilməsi tənqidi realizm ədəbiyyatının işi olub. "Danabaş kəndinin əhvalatları" povesti əslində Azərbaycan ədəbiyyatında "kiçik adam"ın böyük əhvalatları demək idi, - deyə məqalə müəllifi yazıb. Kiçik adamlar (Məhəmməd Həsən əmi, qəzetçi Xəlil, lağlağı Sadiq, Zeynəb, Novruzəli) Mirzə Fətəli Axundzadədə aşağı təbəqəni təmsil edən nökərlər və qaravaşlar olub. Yazıçı bunlarla xalqı tamaşaçı qarşısına çıxarıb, onlar hələ əsas qüvvə olmayıb. Onlar XX əsrdə ictimai-siyasi həyata və ədəbiyyata qəhrəman kimi gətirilib.

İsa Həbibbəyli "Ölülər", "Anamın kitabı" və "Dəli yığıncağı" əsərlərini tragikomediya janrı kimi dəyərləndirib. Alim fərqləndirib: "XIX əsrdə Azərbaycan ədəbiyyatında fərqli müəlliflər tərəfindən ayrı-ayrılıqda komediya (M.F.Axundzadə) və faciə (N.Vəzirov) janrlarında dram əsərləri yaradılıb. Bu mərhələdə milli məişətin komediyası və nadanlığın faciəsi fərqli əsərlərlə təsvir edilib. C.Məmmədquluzadənin tragikomediyasında isə xalqın düşdüyü vəziyyətin komediyası və faciəsi bir yerdə, eyni əsər daxilində öz əksini tapıb. Bu əsərlər tənqidi-realist ədəbiyyatda səciyyəvi təsvir üsulu olan "acı göz yaşları içərisində gülüş" vasitəsilə xalqın taleyini dərin ürək yanğısı ilə əks etdirən ibrətamiz bədii nümunələrdir".

Akademikin "Anamın kitabı"na verdiyi səciyyə də maraqlıdır: "Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi anası" (İ.H.) hesab olunan "Anamın kitabı"nda müxtəlif əqidələrə xidmət edən qardaşların komediyası, övladlarını həmrəyliyə dəvət etməklə milli birlik üçün səy göstərən Zəhrabanu ananın faciəsi ümumiləşmiş şəkildə xalqın yaşanmış olduğu acınacaqlı taleyin ədəbiyyatdakı real əks-sədasıdır". "Dəli yığıncağı" əsəri faciəvi tərəfi ağır gələn komediyadır".

İ.Həbibbəyli XX əsr maarifçilik ədəbiyyatını tənqidi realizmlə qovuşaqda hesab edib. "XX əsrin əvvəllərinin maarifçi realizmi tənqidi realizmin işığında yaranıb inkişaf edən realizmdir. Maarifçi realistlər mollanəsrəddinçilərin - tənqidi realistlərin apardığı mübarizəyə yaxından kömək göstərib", - deyə yazıb.

Nüfuzlu ədəbiyyatşünas-alimin ədəbi-nəzəri məqaləsinin ikinci hissəsi XX əsrin əvvəllərində meydana çıxan milli romantizm ədəbi cərəyanı haqqındadır. Romantizm ədəbi cərəyanı Avropa və Rusiyada XVIII əsrin sonu, XIX əsrin əvvəllərində, Türkiyədə isə XIX əsrin axırlarında yaranıb.

Azərbaycan romantikləri "ümumi məhəbbət" ideyasını irəli sürüblər, bütövlükdə insanlığın səadəti üçün çalışıblar. "Bu insanlar ki qardaşdır" (M.Hadi), "Həpimiz bir günəşin zərrəsiyik" (A.Şaiq), "Məhəbbətdir ən böyük din" (H.Cavid) kimi qavrayışlarda romantiklər ideallarını - ittihadı, milli birlik ideyasını ifadə ediblər.

"Füyuzat" jurnalı 1906-1907-ci ildə Bakıda nəşr olunub. Redaktoru Əli bəy Hüseynzadə olub. O, ədəbi məktəb yaradıb. Romantiklərin başlıca ideyaları bu məktəbdən yayılıb. "Əli bəy Hüseynzadənin başçılıq etdiyi bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoyub, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açıb".

Turançılıq ideyaları, vahid ümumtürk əlifbası, ortaq ünsiyyət dili yaratmaq füyuzatçılıqda əsas olub. Bolşevizmi, - "qırmızı qaranlığı" ifşa etmək, türk-islam birliyini, - "yaşıl işığı" təbliğ etmək füyuzatçıların başlıca amacı idi.

Azərbaycan ədəbiyyatında romantizm 1906-1920-ci illərin hadisəsi kimi meydana çıxıb. Dövrün bədii üslubunda ədəbiyyat fərqli ideyalarla, obrazlarla zənginləşdirilib.

Romantizm ədəbi cərəyanı da Azərbaycan şeirinə bəzi janrlar gətirib, -sonet, marş, şərqi... H.Cavid həm italyan, həm də ingilis sonetləri formasında şeirlər yazıb.

Alim tənqidi realizm və romantizm ənənələrini AXC dövrünün ədəbi qaynaqlarında da izləyib. O, 1918-1920-ci illər ədəbi prosesinin ənənələrini 1920-1930-cu illərin ədəbi prosesində - maarifçi realist və tənqidi-realist yazıçılar, habelə, romantiklərin bədii mətnlərində də nəzərdən keçirib.

Hesab edirik ki, bu şərhlər və izahlar, analitik təhlillər, eyni zamanda maarifçi-pedaqoji fikrin auditoriyalara düzgün yol alması və cəmiyyətin təlim-tərbiyə işinə hərtərəfli kömək göstərəcəkdir. Elmi və pedaqoji ictimaiyyəti milli ədəbiyyat tarixçiliyimizlə yaxından tanış edən bu uğurlu akademik nəşr elmlə tədrisin birliyi, irslə varisliyin təminatı baxımından əhəmiyyətli olacaq, qiymətli mənbə kimi gələcək nəsillərin mənəvi təkamülündə mühüm rol oynayacaqdır.

 Əlizadə ƏSGƏRLİ,

 AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu,

filologiya elmləri doktoru.