Xocalı - etnik təmizləmə və soyqırımı siyasətinin təzahürü
Tarix

Xocalı - etnik təmizləmə və soyqırımı siyasətinin təzahürü

Ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı etnik təmizləmənin ən ağır forması heç şübhəsiz ki, Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr bir daha onu göstərdi ki, əslində Ermənistanın kriminal rejiminin tək davası ərazi deyil, həm də türklərə qarşı olan nifrətdir. Bu səbəbsiz kin-küdurətin nəticəsi olaraq azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin əsl mahiyyəti ah-nalə üzərində qurduqları dövləti türksüz Ermənistana çevirmək, azərbaycanlıların gözünü qorxudaraq hər zaman erməni xofu ilə yaşatmaq istəyindən ibarət olub.

Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. "Böyük Ermənistan" dövlətini qurmağı qarşılarına məqsəd qoyan regionun gəlmələri bu istəklərinə çata bilməsələr də, türksüz Ermənistanı yarada bildilər. Türkmənçay müqaviləsi ilə Cənubi Azərbaycandan, XX əsrin ikinci onilliyində Osmanlı dövlətindən İrəvan və ətraf ərazilərə köç edən ermənilər buranın yerli müsəlman-türk əhalisi üzərində etnik təmizləmə apararaq 80-ci illərin sonunda Qərbi Azərbaycanı ümumilikdə monodövlətə çevirmiş oldular. Həmin ərəfələrdə SSRİ-nin köməyilə Azərbaycan SSR-in rəhbərliyinin səriştəsizliyindən istifadə edərək Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə cəhd edirdilər. Öz müqəddəratını təyin etmək adı ilə Qarabağda ikinci erməni dövləti qurmağı planlaşdıran cinayətkarların ən qanlı planı məhz Xocalıdan keçirdi. Bu şəhər strateji cəhətdən Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsində çox böyük əhəmiyyətə malik idi. Xocalı Xankəndidən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də keçmiş Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan və mesheti türklərindən ibarət 7 min nəfərdən çox əhalisi olan bu şəhərin tarixi və mədəni irsi olduqca zəngin olub.

 Xocalı soyqırımının əsas təşkilatçıları olan Zori Balayan, Robert Köçəryan, Seyran Ohanyan, Serj Sarkisyan və başqaları bu hadisələri özləri də etiraf etmişdilər. Həmçinin Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində iştirak edirdi. Adıçəkilən bu şəxslər azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlığı ilə seçilib. Əsir və girov düşmüş şəxslərə edilən işgəncələr bu vandalların əsl mahiyyətinin torpaqdan ibarət olmadığını bəşəriyyətə bəyan edib. Əslində belə bir dövləti ancaq təcrid halında saxlamaq, beynəlxalq aləmə çıxışını məhdudlaşdırmaq lazım idi. Məhz dövlət başçısı İlham Əliyev bu məsələyə toxunaraq bildirib: "...Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik...".

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalara, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Musa BAĞIRLI,

"Respublika".