VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

4 fevral

  • Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb.
  • Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb.
  • Laçın şəhərində müasir kitabxana istifadəyə verilib.

5 fevral

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Hər zaman yanındayıq, Qardaş Türkiyə!

Ötən il fevral ayının 6-da qardaş ölkə Türkiyənin Kahramanmaraş - Qaziantep şəhərlərində baş verən dağıdıcı zəlzələ çoxsaylı insanın tələfatı, yaralanması, minlərlə binaların tamamilə dağılması ilə müşayiət olundu.

53 min 537 nəfər həyatını itirdi, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina dağıldı. Bu statistik rəqəmləri qeyd etmək asan görünsə də, əslində dünyasını dəyişən hər bir can həm də gələcəyə bağlanan arzunun, ümidin, xəyalın sonu idi.

Qardaş ölkədə baş verən fəlakət Azərbaycanda da hər kəsə eyni kədəri, ağrını yaşatdı. İlk saatlardan Azərbaycan dövlətinin və xalqının Türkiyəyə yardım üçün səfərbər olması iki ölkənin qardaşlığının sarsılmazlığının göstəricisi idi. "Bir millət, iki dövlət" olan xalqlarımızın qardaşlıq köməyi gözlənilən idi. Həmyerlilərimiz bu acını öz içində hiss edir, əllərindən gələn köməyi əsirgəmirdilər. Davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilirdi. Doğma qardaşlarımıza xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölgəsinə yola düşdü və eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərildi. Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Fond tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da Qaziantepə uçdu. Faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərildi.

  • Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.
  • MDB PA-nın nümayəndə heyəti növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb.
  • Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

6 fevral

  • Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir sıra nüfuzlu təşkilatların nümayəndələri ilə görüşüb.
  • Prezident seçkiləri ilə əlaqədar Mətbuat Şurasında müvəqqəti "qaynar xətt" yaradılıb.
  • Seçicilərin və müşahidəçilərin yekun sayı açıqlanıb.
  • Azərbaycan məhsullarının "Alibaba" üzərindən satışı müzakirə olunub.

7 fevral

  • Ölkənin bütün suveren ərazisində prezident seçkiləri keçirilib.
  • Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər.

Zəfər seçkisi - Qalib xalqın qalib Lideri

44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkədə yeni seçkilərin keçirilməsinə zərurət yaratdı. Bu baxımdan 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri adlandırılmaqla yanaşı, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi də qiymətləndirilir.

Azərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Bütöv Azərbaycanda Zəfər seçkiləri keçirildi. Seçkilər ölkəmizdə mövcud demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. İnsanlar tərəddüd etmədən rahat, şəffaf və ədalətli şəkildə məntəqələrə gəlib öz layiqli namizədinə səs verərək yaşadıqları qürurlu dövrün yeni uğurlarına imza atırdılar sanki. Reallıq isə ondan ibarət idi ki, hər şey xalqın istəyinə uyğun, gözlədiyi tərzdə cərəyan edirdi, ümumxalq birliyi, mütəşəkkilliyi və millət sevgisi vardı. Bu, həm də dünyaya bir mesaj oldu. Azərbaycan xalqı seçki mədəniyyəti və fəallığı nümayiş etdirdi. Ölkəmizə gələn minlərlə xarici müşahidəçi də bütün bunları aydın şəkildə gördü. Fevralın 7-də Azərbaycan daha bir qələbə qazandı. Xalqımız yenidən öz siyasi iradəsini ortaya qoydu. Xalq dairə və məntəqələrə axışaraq layiqli seçimini etdi və 2024-2031-ci illər üçün ölkə başçısı Prezident İlham Əliyevə 5-ci dəfə etimad göstərdi. Seçki prosesi ilə bağlı sonuncu və yekun göstərilən hesabatda respublika üzrə seçicilərin 76.73 faizi (4 milyon 971 min 32 nəfər) səs verdi. Bu da Azərbaycanda müstəqilliyin bərpasından bəri keçirilən 9 prezident seçkisi arasında ən fəal seçki statusu qazanıb. İlham Əliyev xalqın 92,05% səsini toplayaraq 5-ci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib.

  • Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlamaları ilə bağlı bəyanat yayıb.
  • Bir sıra ölkə başçıları və xarici dövlət nümayəndələri İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik ediblər.
  • Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevin seçkilərdə qələbəsi münasibətilə yürüş keçirilib.
  • Prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun məlumat açıqlanıb.

8 fevral

  • Prezident İlham Əliyev bir sıra nüfuzlu təşkilatların Baş katiblərini qəbul edib.
  • İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
  • Xocalıda kütləvi məzarlıq aşkar edilib.
  • Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

9 fevral

  • Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub.
  • Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar.

Qardaş ölkənin PUA müjdəsi

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qələbə qazanan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. Dövlət başçımızın yeni yaradılan Akademiyada olması və "Akıncı" PUA-larını şəxsən özü idarə etməsi bir daha xarici qüvvələrə, ən əsası, Ermənistana bir mesajdır. Yəni ki, biz silahlanmağa davam edirik və müasir ordu qururuq.

Məlum olduğu kimi, "Akıncı" PUA-ları hərbi arsenalımıza yeni daxil olub. Və hər kəsə bəllidir ki, bu gün dünyada gedən müharibələrin əsas taleyini PUA-lar həll edir. Bunun ən bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsini göstərə bilərik. İkinci Qarabağ müharibəsi zamanı "Bayraktar TB2" PUA-ları Şanlı Qələbəmizin rəsmiləşməsində çox vacib rol oynamışdı. Fevralın 9-da hərbi inventara qəbul edilən "Akıncı" hücum pilotsuz uçuş aparatları Türkiyədə istehsal edilir və bunun da bir önəmi ondan ibarətdir ki, ordumuzda NATO standartları tədbiq olunur. Bu da Vətən müharibəsindən sonra Ali Baş Komandanın tapşırıqlarının nəticəsidir. Cənab Prezident verdiyi müsahibələrdə bildirmişdi ki, biz Ordumuzda Türkiyə modelini tədbiq edəcəyik. Türkiyə NATO-nun üzvü olduğundan Silahlı Qüvvələrimiz də məhz bu yöndə inkişaf etdirilir.

  • Baş nazir Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub.
  • Naxçıvanda muxtar respublikanın 100 illiyi təntənəli şəkildə qeyd olunub.
  • Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

10 fevral

  • Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib.
  • Xocavənddə arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində bir nəfər xəsarət alıb.
  • Mərakeşli jurnalistlər Ağdam, Əsgəran və Şuşaya səfər ediblər.
  • Ombudsman mediada uşaq hüquqlarının pozulması ilə bağlı müraciət yayıb.

“Respublika”.