Xalq dövlətimizin müstəqilliyinə yekdilliklə səs vermişdir
Siyasət

Xalq dövlətimizin müstəqilliyinə yekdilliklə səs vermişdir

XX əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində ittifaqın tərkibinə daxil olan ölkələr müstəqillik əldə etdilər. SSRİ-nin tərkibində olan Azərbaycanda da sovet hökumətinin devriləcəyindən qorxuya düşən Moskva Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün öz əlaltılarının köməyi ilə respublikada vəziyyəti gərginləşdirmək məqsədilə uydurma "Dağlıq Qarabağ problemini" qızışdırdı. Eyni zamanda ölkəyə xaos, anarxiya, özbaşınalıq rüşeymləri səpən imperiya radikal qüvvələr üçün əlverişli şərait yaratdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə xalqın müstəqillik arzusunu boğmaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə Azərbaycan Ali Sovetinin razılığı olmadan SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman imzalandı. Rus qoşunlarının ölkəyə yeridilməsi ilə Moskva və onun yerli əlaltıları istədiklərinə nail oldular. Baş verən  hadisələr fonunda ölkəmizdə ictimai-siyasi vəziyyət köklü surətdə dəyişdi.

Qanlı Yanvar hadisəsindən sonra o vaxt siyasi hakimiyyətdən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Rus imperiyasının əlaltıları ulu öndərin Bakıda qalmasına imkan vermədiyindən Heydər Əliyev Naxçıvana gedərək müdrik, uzaqgörən siyasəti ilə xalqı azadlıq mübarizəsinə istiqamətləndirdi. Naxçıvanda siyasi fəaliyyətə başlayan ümummilli liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində keçirilən sessiyada Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. 1991-ci il avqustun 26-dan etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da  Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olundu. Milli Şura yaradıldı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Ölkə vətəndaşlarının Konstitusiya aktının qəbul edilməsinə münasibətini öyrənmək üçün Azərbaycan Respublikası Ali Soveti 1991-ci il noyabr ayının 15-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında" qərar imzalamış və referendumun keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası tərəfindən təşkilati və maddi-texniki təminat məsələləri həll edilmiş, səsvermənin keçirilməsi üçün ölkə ərazisində 86 dairə yaradılmışdır. Respublikanın hər yerində dairə və məntəqə referendum komissiyaları işə başlamış, səsvermə məntəqələrinin yerləri dəqiqləşdirilmişdir. Təsdiq olunmuş səsvermə bülleteninə "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" sualı və cavab variantları - "hə" və "yox" sözləri daxil edilmişdir.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 15 noyabr tarixli qərarına əsasən respublika ərazisində referendumun lazımi səviyyədə keçirilməsi üçün görülən hazırlıqlara, vətəndaşlar arasında aparılan maarifləndirmə işlərinə baxmayaraq, referendumun baş tutmasına maneələr də yaradılırdı. Belə ki, keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətində" Azərbaycan Respublikasının Konstitusiyasını və qanunvericiliyini pozaraq referendumun keçirilməməsinə, referenduma çıxarılan məsələnin mahiyyətinin təhrif olunmasına ciddi cəhdlər göstərilirdi. Bu maneələri aradan qaldırmaq, ölkə ərazisində referendumun şəffaf şəkildə keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Mərkəzi referendum komissiyasının məlumatını müzakirə edərək bir sıra məsələlərin həlli üçün mühüm qərarlar qəbul etmişdir. Qərarda həmçinin göstərilirdi: "Respublikanın Şuşa rayonu və şəhəri istisna olmaqla, DQMV-nin digər şəhər və rayonlarında müvəqqəti komitələrə, müəssisələrin, idarələrin və təşkilatların əmək kollektivlərinə və ictimai təşkilatlarına hüquq verilsin ki, erməni separatçılarının və terrorçularının zorakılıq hərəkətləri üzündən yaşayış yerində səs vermək imkanından məhrum edilən vətəndaşların referendumda iştirak etmək hüquqlarını həyata keçirməsini təmin etmək üçün səsvermə məntəqələri, əhalinin, əmək kollektivlərinin, ictimai təşkilatların nümayəndələrindən ibarət məntəqə referendum komissiyaları yaratsınlar". Milli Şura həmin bölgədə səsvermə məntəqələrinin və məntəqə referendum komissiyalarının yaradılması üçün müddəti dekabr ayının 15-dək uzatmışdır.

Beləliklə, 1991-ci il dekabr ayının 29-da ölkəmizdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilmişdir. Referendumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səs vermək hüququna malik olan vətəndaşların 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs vermişdir. Xalq yekdilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə tərəfdar çıxmışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".