Azərbaycana qarşı ədalətsiz mövqe
Siyasət

Azərbaycana qarşı ədalətsiz mövqe

Ötən gün Fransa Senatının qətnaməsi ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Bəyanat qəbul edib. Sənəddə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qətnamənin qərəzli, birtərəfli və əsassız olması, eləcə də Fransa siyasi dairələrinin, o cümlədən Senatın və Milli Assambleyasının birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyət göstərməsi bildirilib.

Qeyd olunur ki, Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər. Həmçinin Bəyanatda Fransanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoyması, BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunması, rəsmi Parisin qəbul edilmiş bir çox beynəlxalq konvensiyaları kobud şəkildə pozması, Fransanın müstəmləkə siyasəti və bu ölkədə tüğyan edən irqçi, antisemit, türkofob və islamofob kimi məsələlər şərh olunub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Bəyanatın sonunda Azərbaycan Respublikası Hökumətinə bəzi tədbirlərin görülməsi ilə bağlı çağırışlar edib. Burada Fransaya qarşı sanksiyalar tətbiq edilməsi, Fransa rəsmilərinin ölkəmizdəki aktivlərinin dondurulması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması, "Total" da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması və həmin şirkətlərin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, habelə xarici işlər nazirliyinin Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində tapşırıqların verilməsi istənilib.

Fransa Senatının yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qətnamə, mahiyyətcə əvvəlkilərdən fərqlənməyən bu kağız parçası bir daha fransız senatorların çirkin niyyətlərini üzə çıxarıb. Qətnamə Ermənistan Respublikasının ərazi bütövlüyü qorunmasına, həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır. Elə buradan da aydın olur ki, Fransa dövləti öz xislətinə uyğun olaraq digər tərəfdaşlarının da işğal siyasətinə dəstək verir. Çünki Azərbaycandan fərqli olaraq Ermənistan 30 ilə yaxın Cənubi Qafqazda torpaq zəbt etməklə məşğul olub. Və bu işğal indi də davam etməkdədir. Hələ də Qazaxın yeddi və Naxçıvanın bir kəndi erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Belə olan halda bəs necə olur ki, Azərbaycan dövlətini min kilometrlərlə uzaqda yerləşən bir ölkə işğalda günahlandırır? Təbii ki, bu siyasi amillərlə bağlı məsələdir. Ermənistan İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğradıqdan sonra, ilk növbədə, Rusiya və KTMT-dən uzaqlaşmağa başladı. Buna səbəb qeyd olunanların müharibəyə qoşulmaması idi. Bundan yararlanan Fransa regionda gedən proseslərdə aktiv rol almaq üçün məhz Ermənistanın zəif nöqtəsindən istifadə edərək hər cür çirkinliyə əl atır.

Fransa Senatı həm də Azərbaycanın ötən il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal tədbirlərin "humanitar faciə və əsl etnik təmizləmə" ilə nəticələndiyini, Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etməyə çalışdığını qeyd edir. Azərbaycan Qarabağda yaşayan ermənilərin Xankəndi və ətraf ərazilərdən öz xoşu ilə çıxmasını desə də, aydın məsələdir ki, Fransada bu, qəbul olunmur. Amma Fransa Senatının qətnaməsində və Paris rəsmilərinin daimi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, bölgəyə iki dəfə səfər etmiş BMT nümayəndələri, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Ermənistana və Azərbaycana səfərindən sonra hazırladıqları hesabatda Qarabağ bölgəsini tərk etməyin ermənilərin öz könüllü qərarı olması bildirilib. Dünyanın ali qurumunun rəsmi mövqeyindən sonra Fransanın heç bir dəlil və sübut olmadan Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ölkəmizə qarşı kin-küdurətin açıq təzahürüdür.

Musa BAĞIRLI,

"Respublika".