Dövlətlərarası münasibətlərin yeni mərhələsi
Siyasət

Dövlətlərarası münasibətlərin yeni mərhələsi

2022-ci il fevral ayının 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb

Dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan region ölkələri ilə münasibətlərə çox böyük önəm verdiyini xarici siyasətdə davamlı olaraq nümayiş etdirir. Müstəqil dövlətimiz beynəlxalq müstəvidə tərəfdaş ölkələrlə, eyni zamanda Xəzəryanı dövlətlərlə ikitərəfli əlaqələri şaxələndirir.

Rusiya ilə Azərbaycan arasında tarixi qonşuluq münasibətləri dinamik, davamlı inkişafa əsaslanmaqla yüksək etimad səviyyəsinə yüksəlib. 1992-ci ildə qurulmuş diplomatik əlaqələr 1997-ci ildə "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə və 2008-ci ildə imzalanan "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında" Bəyannamə ilə möhkəmləndirilıb. 2018-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladıqları Birgə Bəyanat dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini bir daha nümayiş etdirdi.

Hər iki ölkənin müxtəlif sahələr üzrə inkişafının yol xəritəsinin müəyyənləşdirilməsi, iqtisadiyyata böyük həcmli investisiyaların yatırılması və bu kontekstdə əmtəə dövriyyəsinin artırılması, birgə istehsal sahələrinin yaradılması, mühüm sənaye layihələrinə investisiyaların cəlb edilməsi faydalı əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Dövlətlərarası ticari-iqtisadi, nəqliyyat, energetika, eyni zamanda humanitar sahədə əməkdaşlıq yeni inkişaf mərhələsinə keçidə əlverişli zəmin yaradır.

2022-ci il fevral ayının 22-də dövlətimizin başçısı İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" illər əvvəl qurulmuş diplomatik əlaqələrin davamı, eyni zamanda yeni inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə edilir. Rusiya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişaf perspektivlərini, həmçinin xalqlar arasında dostluq və mədəni bağları nəzərdə tutan Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Ölkələr arasında geosiyasi formatda birgə fəaliyyət bu mühüm sənəd əsasında həyata keçirilir.

Siyasi, iqtisadi, müdafiə, mədəni, təhsil, səhiyyə və sosial sahələri əhatə edən, 43 bənddən ibarət olan mühüm dövlət sənədi Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır. Milli maraqların müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdən Azərbaycan və Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyəti bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurmuş və bu münasibətlərə xələl gətirən, eyni zamanda bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək barədə öhdəlik götürüblər. Bununla yanaşı, hər iki ölkə öz ərazisində hansısa bir təşkilat və ya şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınmasında da məsuliyyət daşıyır. Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri bu sənədin dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələsi, vacib elementi və əsas nəticəsi olduğunu bildiriblər.

Sənəddə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlar, forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərən Azərbaycan Respublikası və Rusiya Federasiyasının beynəlxalq problemlərin həllində eyni və ya yaxın mövqelər tutmaqla ikitərəfli konstruktiv əməkdaşlığı dərinləşdirəcəkləri qeyd olunub. Bəyannaməyə əsasən Rusiya və Azərbaycan BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və mövcud beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla bir-birinə hərbi yardım göstərilməsi imkanlarını da nəzərdən keçirə bilərlər. Tərəflər hər birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı halda təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazır olduqlarını ifadə edirlər. Bəyannamənin 13-cü bəndində deyilir: "Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər".

Münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran tarixi sənəd həm qlobal, həm də regional miqyasda sabitliyin, təhlükəsizliyin təmin olunması, uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyədə bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsasən hər iki dövlət beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirir. Tərəflər həmçinin 12 avqust 2018-ci il tarixli "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirir və konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.

Sözsüz ki, iqtisadi qarşılıqlı fəaliyyətin, elmi-texniki əməkdaşlığın dərinləşdirilməsinə, metallurgiya, neft-qaz, ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradılacaq. Ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəkləri barədə öhdəlik götürən hər iki tərəf imzalanan müqavilədə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəf kimi göstəriblər.

Adıçəkilən Bəyannamədə Rusiya Federasiyası və Azərbaycan Respublikası ilə parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək, bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi, informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələri reallaşdırmaq əsas məqsədlərdən biri kimi qeyd olunub. Eyni zamanda, aqrar-sənaye kompleksi, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchizetmə sahəsində təcrübə mübadiləsi aparmaq, hər iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığına hərtərəfli yardım etmək, mədəniyyət, incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirmək də nəzərdə tutulur.

Bütün bunların fonunda bu gün Azərbaycan əsas ticari-iqtisadi tərəfdaşlarından olan Rusiya ilə ikitərəfli xarakter daşıyan əməkdaşlıq potensialını daha da gücləndirir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərin daha da genişlənməsinə, möhkəmlənməsinə xidmət edir. Ümumiyyətlə, mümkün olan ən yaxın müttəfiqlik münasibətləri qurmaq üçün qarşılıqlı istəyi əks etdirən bu sənəd birmənalı şəkildə hər iki dövlət üçün böyük əhəmiyyət daşıyır.

Mehparə ƏLİYEVA,

"Respublika".