Vüqarlı dağların igid oğlu
Region

Vüqarlı dağların igid oğlu

Toradi Astara rayonunun ən ucqar kəndlərindən biridir. Dörd tərəfdən uca dağlar, sıldırımlı dərələrlə əhatə olunub. Çinar Əliyev 1988-ci il noyabr ayının 1-də bu əsrarəngiz, füsunkar təbiətə malik kənddə ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. Hərbi hissədə intizamlı, nümunəvi əsgər kimi tanınıb.

2008-ci il yanvar ayının 4-də Ağdamın Çıraqlı kəndində düşmənlə üzbəüz mövqedə xidməti tapşırığı yerinə yetirərkən namərd düşmənin snayper gülləsinə tuş gəlib. Milli Ordumuzun igid, cəsur əsgəri Çinar Mühəddin oğlu Əliyev şəhidlik zirvəsinə ucalıb. Toradi kənd diyarşunaslıq klubunun təşkilatçılığı ilə şəhidin bir vaxtlar oxuduğu kənd orta məktəbində anım mərasimi keçirilib.

Tədbirdə Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səlahəddin Əliyev, Motlayatağ kənd orta məktəbinin direktoru Mehman Muradov, Qarabağ müharibəsində hər iki gözünü itirmiş qazi Araz Babayev, Hamoşam kənd tam məktəbinin direktoru Asəf Abdulov, şəhid Pəncəli Teymurovun qardaşı Famil Teymorov, şəhid valideynlərindən Orucəli Babayev və Etibar Əliyev şəhid Çinar Əliyevin ömür yolundan, Vətən sevgisindən, 44 günlük müharibədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandlığı tarixi qələbədən, şanlı zəfərdən söhbət açıblar.

Yerli şairlərdən Şahid Astaralı və Mərifə Əzizqızı şəhidlərə həsr etdikləri şeirləri oxuyubular. Məktəblilərin ifasında Günel Rasibqızı, Xanlar Həmid, Fədai Nadirin vətənpərvərlik mövzusunda şeirləri səslənib.

Şəhidin atası, Toradi tam kənd orta məktəbinin direktor müavini Mühəddin Əliyev oğlunun xatirəsinin daim əziz tutulduğunu vurğulayıb şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət ediblər. Qəbrinin üstünə qızıl güllər düzülüb, ruhuna dualar oxunub və parlaq xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".