“HEYDƏR  ƏLİYEV  DÖVLƏTÇİLİK İDEALLARI VƏ MÜASİR GƏNCLİK” MÖVZUSUNDA RESPUBLİKA KONFRANSI
Region

“HEYDƏR  ƏLİYEV  DÖVLƏTÇİLİK İDEALLARI VƏ MÜASİR GƏNCLİK” MÖVZUSUNDA RESPUBLİKA KONFRANSI

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçirilib.                                                              

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, professorlar, gənc alimlər, mütəxəssislər və ziyalılar iştirak ediblər. 

Tədbir iştirkaçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

AMEA Gəncə Bölməsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş foto-sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli, ulu öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini vurğulayıb. Ölkə Prezidenti  İlham Əliyevin ulu öndərin gənclər siyasətini uğurla davam etdirdiyini bildirən akademik dövlət başçısı tərəfindən müxtəlif illərdə Azərbaycan gəncliyi üçün Dövlət proqramlarının qəbul olunduğunu və uğurla yerinə yetirildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA tərəfindən dahi şəxsiyyətin zəngin dövlətçilik irsinə həsr edilmiş çoxsaylı elmi əsərlər nəşr edildiyini bildirib.               

AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını da qeyd edib.                                                                                                                     

Şəhər rəhbəri Niyazi Bayramov, ölkəmizdə müasir gənclər siyasətinin əsasının ulu öndər tərəfindən qoyulduğunu və bu siyasətin nəticəsi kimi Azərbaycanda dövlətçiliyimizə sadiq fəal gənclər ordusunun formalaşdığını qeyd edib. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ulu öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Bu baxımdan o, AMEA Gəncə Bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinə dair 2 minədək yazılı elmi nümunələr toplandığını qeyd edib.

Konfransda həmçinin, gənc alimlərin və mütəxəssislərin məruzərləri dinlənib.Tədbirin sonunda, bir qrup gənc alim konransın işində fəal iştiraklarına, eləcə də məhsuldar tədqiqat fəaliyyətlərinə görə təltif olunublar.

Zabit XƏLİLOV

 “Respublika”