“Vətən müharibəsi iştirakçısı
Bölgələr

“Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib

Respublikamızın işğal olunmuş ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə "Vətən müharibəsi iştirakçısı" medalının təqdimetmə mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

N.Bağırov Vətən üçün sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

M.QULUYEV,

"Respublika".