Udulunun nar bağları
Region

Udulunun nar bağları

Bu kəndin adı indi ən çox həyətyanı sahələrdəki nar bağları və hər il payızın sonlarında respublikanın, hətta bir çox yaxın və uzaq dünya ölkələrinin bazarlarına çıxarılan növbənöv nar məhsulları  ilə tanınır. Bu, son illərdə belə olub. Əvvəllər Udulu kəndinin əsas təsərrüfat sahələri əkinçilik və heyvandarlıqdan ibarət idi. Kəndin coğrafi ərazisi daha çox bu sahələr üçün əlverişli hesab olunurdu. Taxıl dəmyə üsulla becərilir, mal-qara bol yem ehtiyatı olan  geniş otlaqlarda bəslənilirdi.

Uduluda indi 3 Ərazi İnzibati Vahidi yaradılıb. Cəngən, Tağılı, Şorbaçı, Qubalı, Birinci-İkinci Paşalı ilə yanaşı, Birinci-İkinci Udulunun özü də bu 3 ərazi vahidinə daxildir. Ərazidə normal iqlim şəraiti var. Rayon mərkəzi Hacıqabulda yay ayları havalar isti keçdiyi vaxtlarda Uduluda sakinlər havanın  sərinliyindən bir o qədər narazılıq etmirlər. Alın yazısı, bəxt, tale təkcə insanlara məxsus deyil. Bəxtin gətirib-gətirməməsi məsəlini kəndlərə, şəhərlərə də aid etmək olar. Belə yanaşanda bütün müsbət xüsusiyyətləri ilə bu kəndin qismətinə bir çox çətinliklər düşüb ki, onlar adamlarda təəssüf hissi yaradır. 

Udulu İnzibati Ərazi Vahidi əllinci illərdə Hacıqabulun, sonra bir müddət Şamaxının, keçən əsrin doxsanıncı illərinin əvvəlindən, yəni Hacıqabul rayonu ayrıca rayon statusu alandan sonra yenidən Hacıqabulun tərkibinə daxil edilib. Heç şübhəsiz ki, idaretmədə yaranan yerdəyişmələr kəndin normal inkişafına təsirsiz ötüşməyib. Hazırda rayon mərkəzindən 25 kilometr aralı olan bu böyük kənddə uzun illər abad yol sarıdan çətinliklər yaranıb. Cəmisi 3-4 il bundan əvvəl çəkilən asfalt yol da uzunömürlü olmadı.

Rayon rəhbərliyinin səyi nəticəsində əraziyə indi yeni asfalt yol çəkilməkdədir. Yeni yol Udulunun inkişafında yeni mərhələ olacaqdır.

Udulu kəndinin əsasını qoyanlar əslində yaşayış üçün yaxşı məkanı - öz mənbəyini Şamaxı dağlarından götürən Pirsaat çayının sahillərini seçiblər. Bol sulu Pirsaat çayı bu yerlərin sakinləri üçün illər boyu həyat mənbəyi olub. Son onillikdə, qlobal istiləşmənin yaratdığı ekoloji problemlər Uduludan yan keçməyib. May ayının əvvəllərindən başlayaraq çayda su quruyur. İlk əvvəl həyətyanı sahələrdə gölməçələr düzəldib vəziyyətdən çıxış yolu tapmaq istəyən kənd camaatı tezliklə bu işin  mənasız olduğu qənaətinə gəliblər. Həyətlərdə böyük xərc hesabına artezian quyular qazılıb. Quyulardan çıxan su yararsız olduğundan qısa müddət ərzində meyvə ağacları yanıb. Kənd sakinləri məcbur olub həyətyanı sahələrdə suyadavamlı nar bağları salıblar. Beləliklə, Udulu narını udulular “məcburiyyət meyvəsi” adlandırırlar. Amma burada pis olan odur ki, hətta nar ağacını da yay aylarında ən azı bir neçə dəfə suvarmaq lazım gəlir. Lakin suvarma üçün lazım olan bu azhəcmli suyun özündə də qıtlıq var.

Çıxış yolları axtarmaq lazım gəlir. Birinci Udulu Ərazi İnzibati Vahidinin nümayəndəsi Əmrah Süleymanovla söhbət edir, hər şeydən əvvəl, içməli suyun necə əldə olunmasını soruşuruq. Cavab ölkəmizin iqtisadi inkişafını əks etdirən real fakt olduğundan bizə xoş təsir bağışlayır:

- Oğuz-Qəbələ su kəməri bizim kəndin yaxınlığından keçir. Kəndlərimizə kəmərdən su xətti ayrılıb. Təmiz bulaq suyu  məişətdə işlətməyə bəs edir. İçməli su sarıdan problem yoxdur. Amma təsərrüfatlar susuzluqdan çətinlik çəkir. Mümkün variantlar çoxdur. Kəndə bir neçə istiqamətdən su gətirmək olar. Birinci — kəndlərimizin yerləşdiyi ərazidən 28 kilometr aralı olan Kür çayından xəttin çəkilməsi təklifi var. İkinci — yaxınlıqdakı Güngörməz dağlarının əhatəsində təbii anbar yaradıb, qış aylarında bura kifayət həcmdə su doldurulsa, su sarıdan indiki korluq yaranmaz. Üçüncü — Qobustan rayonu ərazisində Təsi deyilən yerdə güclü artezianlar mövcuddur. Artezianların suyu qonşu Poladlı kəndinə qədər gəlib çıxır. Artezianların sayını artırıb suyu Pirsaat çayına axıtmaq olar. Bu yolla  Poladlıdan sonra bizim kəndlər də həmin sudan istifadə edə bilər.

İcra nümayəndəsi bütün işlər barədə əlaqədar təşkilatlara müraciət olunduğunu, müraciətlərin müsbət qarşılandığını, mümkün variantlar üzərində iş getdiyini bildirir.

Ölkəmizin daima yüksəlişdə olan iqtisadi gücü sayəsində münbit torpağı, təmiz havası, səfalı təbiəti olan qədim yaşayış məkanında narahatlıq yaradan problem şübhə yoxdur ki, tezliklə öz müsbət həllini tapacaq.

Ən azından  dünyanın bir çox ölkələrində öz dadı-tamı ilə tanınan Udulunun nar bağlarının meyvələri illər boyu qazanmış olduğu şöhrətini özündə saxlayacaq.

Tofiq HÜSEYN,

“Respublika”.