Təhsilin keyfiyyətinin artırılması dövlət siyasətinin prioritetidir
Siyasət

Təhsilin keyfiyyətinin artırılması dövlət siyasətinin prioritetidir

Şuşalı, Kəlbəcərli, Ağdamlı – Qarabağlı 2022- ci il artıq tarixə qovuşur. Üçüncü ildir ki,  qalibiyyətlə, zəfərlə qarşıladığımız  illəri uğurlarla, nailiyyətlərlə başa vururuq.  Regionun lider dövlətinə çevrilən Azərbaycanın  dünya ölkələri arasında nüfuzu ildən-ilə daha da artır.  Vətən müharibəsini zəfərlə başa vuran xalqımız hər gələn ilin ötən illərdən daha gözəl olacağına əminliklə inanır. Yola saldığımız 2022-ci ildə  də bütün sahələrdə böyük uğurlara imza atıldı, müvəffəqiyyətlər qazanıldı. Ölkə başçımızın rəhbərliyi altında görülən işlər, əldə olunan nailiyyətlər  daha  xoşbəxt, firavan günlərimizə zəmin  yaratdı.

Hər bir xalqın, dövlətin inkişafını, intellektual potensialının formalaşmasını şərtləndirən əsas amil  məhz elm və təhsildir. Bu sahədə uğurla həyata keçirilən dövlət siyasəti xalqın, millətin intibahını, tərəqqisini təmin edir.  “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayə qoyaq”,-deyən Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk illərindən genişmiqyaslı  təhsil islahatlarını uğurla həyata keçirmişdir. O, elm və təhsilin problemlərini  diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmiş, ölkəmizdə bütün sahələrdə olduğu kimi,  təhsil  sahəsində də  bir sıra islahatlar  aparılmış, mühüm  nailiyyətlər  əldə edilmişdir. Ölkə  başçısının  sərəncamları əsasında  təhsilin  normativ - hüquqi bazası  möhkəmləndirilmiş, qabaqcıl texnologiyalara  əsaslanan  müasir  təhsil  sisteminin  yaradılması istiqamətində  genişmiqyaslı   tədbirlər  həyata keçirilmişdir. Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində zəruri addımlar atılmış, forma və məzmunca zənginləşdirilmiş, yeni təlim texnologiyaları tətbiq olunmuşdur.

Ötən 2022-ci ildə  bütün sahələrdə müşahidə olunan inkişaf milli təhsil sistemində də özünü göstərmişdir. Bu gün ölkəmiz geniş, şaxələnmiş təhsil sisteminə, elmi və biliyi, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali, orta ixtisas və orta təhsil məktəbləri şəbəkəsinə malikdir. Respublikamızda təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi,  ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi və bu  məktəblərin pedaqoji kadrlarla təmin olunması, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Dövlət proqramları qəbul edilmiş, mühüm layihələr reallaşdırılmışdır. İcra olunan Dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumtəhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş,  təhsil sistemi dünya standartlarına  uyğunlaşdırılmışdır. Bir sözlə, ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və milli təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək istiqamətində bütün zəruri tədbirlər görülmüş, ölkə başçısının “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir”-fikrini rəhbər tutaraq milli təhsilimizin dayanıqlı inkişafı istiqamətində  vacib islahatlar həyata keçirilmişdir.

Təhsil sahəsinin  yeni inkişaf mərhələsinə yüksəlməsi, keyfiyyətli kadr potensialının təmin olunması ölkənin inkişaf konsepsiyasının tərkib hissəsini təşkil edir. Bu baxımdan, ölkəmizdə təhsilin əhatəliliyi və keyfiyyət göstəriciləri   istiqamətində müsbət dinamika müşahidə olunur. Mütəmadi olaraq məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi mexanizminin hazırlanması və onun müasir  tələblərə uyğunlaşdırılması, ümumi təhsilin keyfiyyətinin artırılması məqsədilə  müvafiq tədqiqatların aparılması və  əldə olunmuş nəticələrin müəyyənləşdirilməsi bu istiqamədə atılan uğurlu addımlardır. Bununla yanaşı, geniş dünyagörüşə, zəngin elmi biliklərə yiyələnmiş gənc nəslin yetişdirilməsi, müəllimlərin peşəkarlığının artırılması istiqamətində də zəruri işlər görülür, dünyada gedən müsbət tendensiyalar fonunda inkişaf etmiş ölkələrin təcrübəsi milli təhsil sistemində tətbiq olunur. Cari il ərzində ölkə  məktəblilərinin ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 2 qızıl, 22 gümüş, 48 bürünc medal olmaqla ümumilikdə 72 medal əldə etmələri  görülən işlərin uğurlu nəticələridir. Eyni zamanda ölkə başçısının  sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası sazişlər də milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasını şərtləndirir.  Ölkəmizdə yüksəkkeyfiyyətli ali təsil verən  təhsil müəssisələrinin yaradılması isə  gənclərimizə  xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı verir.

2022-ci ildə  respublikamızda 11 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 830 tələbə məzun olmuş, 2022-2023-cü tədris ilində 32 ixtisas üzrə 985 tələbə SABAH tələbəsi adını qazanmışdır. Bütün bunlar isə dövlət başçısı İlham Əliyevin   ali təhsilin əlçatanlığının təmin olunması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində  verdiyi əhəmiyyətli qərarların nümunəsidir. Təqaüd sisteminin təkmilləşdirilməsi, təqaüd alan tələbələrin sayının və  təqaüdlərin məbləğinin, eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerlərinin ilbəil artırılması dövlətin milli təhsil sisteminin inkişafına yönəlmiş xüsusi diqqətinin göstəricisidir.

Bakı Dövlət Universitetində  Elm və Təhsil Nazirliyinin “Code For Future” layihəsi çərçivəsində dekabr ayının 28-də keçirilən  məzun günündə elm və təhsil naziri Emin Əmrullayev layihənin əhəmiyyətindən danışmış,  texnologiyaların və insan düşüncəsinin sürətlə dəyişdiyini bildirmiş və gələcəyin çağırışlarına uyğun fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməyin zamanın tələbi olduğunu qeyd etmişdir. "Rəqəmsal bacarıqlar" layihəsi barədə danışan Emin Əmrullayev  bu layihə çərçivəsində ümumtəhsil məktəblərində 300 min şagirdin proqramlaşdırma öyrəndiyini diqqətə çatdırmışdır. BDU-nun rektoru Elçin Babayev isə  hazırda BDU-da İT ixtisasları üzrə 830, SABAH qruplarında  120 tələbənin təhsil aldığını bildirmişdir. Qeyd edilmişdir ki, 2021-ci ildən etibarən “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti  və “Code Academy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir. Hazırda BDU-da “Code Academy” və “DevEducation” layihələri üzrə  200-ə yaxın  tələbə təhsil alır.

Gənc nəslin müxtəlif istiqamətlərdə peşə təhsilinə yiyələnmələri də təhsil islahatları arasında önəmli yer tutur. Belə ki,  bu il  respublika üzrə  peşə təhsilinə  tələbə qəbulu 126 ixtisas üzrə aparılmış və 19 043 nəfər tələbə adını qazanmışdır ki, bu da   ötən illə müqayisədə 14 faiz çoxdur.

Bu il iyul ayının 28-də ölkəmizdə  elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi  məqsədilə  Prezident İlham Əliyevin  imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  Fərman dövlətin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsidir. Fərmana əsasən Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmış, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər  nazirliyə həvalə edilmişdir. Eyni zamanda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliklərinin yaradılması barədə qərar qəbul edilmişdir. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi-tədqiqat institutlarının Elm və Təhsil Nazirliyinin balansına verilməsi, elm və təhsilin vahid mərkəzdən idarə olunmasının təmin edilməsi ölkə elminin və təhsilin dünya standartları səviyyəsinə yüksəldilməsinə hesablanmış mühüm əhəmiyyət kəsb edən  hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə hesablanmış  məqsədyönlü siyasəti xalqımızın, dövlətimizin milli maraqlarına xidmət edir. Milli təhsil sisteminin inkişaf etdirilməsi və müasir  dünya standartları səviyyəsinə yüksəldilməsi isə bu maraqların təmin olunmasında əsaslı rol oynayır.

Mehparə ƏLİYEVA,

“Respublika”.