Tarixi Zəfər həm də Azərbaycan diplomatiyasının inamlı qələbəsidir
Siyasət

Tarixi Zəfər həm də Azərbaycan diplomatiyasının inamlı qələbəsidir

Dünyanın, eyni zamanda, nüfuzlu beyin mərkəzlərinin birmənalı qəbul etdiyi bugünkü reallıq budur ki, xalqın birliyi və əzmi, Ali Baş Komandanın cəsarətli qərarları ilə Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Prezident cənab İlham Əliyev daim prinsipiallıq, yenilməz iradə nümayiş etdirib. Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Qətiyyət, böyük diplomatik məharət nəticəsində tarixi zəfər əldə olunub. Məhz uzun illər həyata keçirilən düşünülmüş xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Dövlətimizin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldilib. Eyni zamanda, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradılıb. Ermənistan bütün regional layihələrdən təcrid olunub. İşğal faktına görə bütün zəruri, öz ölkəsi və xalqı üçün gərəkli layihələr Ermənistandan yan keçib. İndiyə qədər Ermənistanda hakimiyyətdə olan qüvvələrin qeyri-sağlam addımları bugünkü reallığı şərtləndirib. İndi regionda yeni reallıq yaranıb. Artıq bu regionun söz sahibi Azərbaycandır.

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirən, belə mühüm polemikaya ölkəmizin də ehtiyacı olduğunu vurğulayan dövlət başçısı bildirib ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik: “Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”.

Azərbaycan ərazilərinin işğal dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazandı. Erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada da sıxışdırmağa nail oldu. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırdılar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmırdı. Odur ki, Ermənistan rəhbərliyi, şovinist rejimi bir tərəfdən, dünya ictimaiyyətinin, ATƏT-in Minsk qrupunun problemin köklü həlli ilə bağlı ona ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərirdi. Digər tərəfdənsə, vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı digər yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışırdı. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi olmadı və ola da bilməzdi. Azərbaycan bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail oldu.

Ermənistanın acınacaqlı duruma düşməyinin digər səbəbi hökumətin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını açıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Bu gün artıq hamı bilir ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yox idi. Buna görə də Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsində çabalayırdı. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tuturdu. Ermənistanın rəsmi orqanları da etiraf edirdilər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalırdı. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışırdı. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşmürdü ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq.

Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi bədniyyət əməllərindən çəkinmirdi. Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirirdi. Əlbəttə ki, enerji resurslarının Avropaya nəqli Azərbaycan üçün də maraq kəsb edir, çünki ölkə bundan əlavə vəsaitlər əldə edir. Nəzərə alınmalıdır ki, Azərbaycan çox böyük çağırışlar və çətinliklərə baxmayaraq, bu layihələrin icrasından heç bir halda geri çəkilməyib. Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) Aralıq dənizini birləşdirdi və nəhayət, daha sonra həmin marşrut boyu qaz kəməri inşa edildi. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü on milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir. Avropanın enerji təhlükəsizliyinə xidmət edən mega-layihələrin implementasiyasını təmin etməklə Azərbaycan regionun enerji xəritəsini dəyişib. Ermənistan isə qonşu ölkələrə qarşı ərazi iddialarından qurtulmağı bacarmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək öhdəliyinə sadiqlik nümayiş etdirməlidir. Belə olan halda, bu ölkə də regional layihələrdə iştirak edə və Avrasiya dəyər axınlarının iştirakçısına çevrilə bilər.

Qeyd edək ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edirdi. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirdilər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt yaratdı. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqda idi. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməklə, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olurdu. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətə düşmüşdü və bu dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmamışdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub”.

Dövlət başçısının da bəyan etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik”.

 

Mustafa KAMAL,

“Respublika”.