Ölkəmiz bütün təhdidlərə cavab vermək iqtidarındadır
Siyasət

Ölkəmiz bütün təhdidlərə cavab vermək iqtidarındadır

İranın İsrailə raket və dron hücumları onu deməyə əsas verir ki, dünyada geosiyasi arxitektura tamamilə dəyişir. Hazırda baş verənlər onu göstərir ki, böyük güclər, beynəlxalq birlik, münaqişələrin aradan qaldırılmasında heç də maraqlı deyil. Əksinə, bu gün beynəlxalq subyektlər dünyanın ayrı-ayrı bölgələrində yeni münaqişə ocaqlarının yaranması, gərginliyin artması, həmçinin ayırıcı xətlərin dərinləşməsi prosesində aktiv iştirak edirlər.

Cənubi Qafqazda da analoji olaraq illərdir sözügedən proses müşahidə olunur. Xüsusən aprelin 5-də Brüsseldə Avropa İttifaqı, Birləşmiş Ştatlar və Ermənistan arasında baş tutan sammit və imzalanan sənəd göstərir ki, artıq kollektiv Qərb bu niyyətini gizlətmir. Mümkün cəhdlərə qarşı Türkiyə, Rusiya və Azərbaycanın kəskin etirazı və onun fonunda İranın Ermənistanda Qərbin oynamağa çalışdığı təhlükəli oyuna səssiz qalması regiondakı geopolitik konfiqurasiyaların mürəkkəb və çətin olduğunu söyləməyə əsas verir və bütün bu baş verənlər bir daha xalq-iqtidar birliyinin lazımlı və vacib olduğunu göstərir. Belə gərgin, çətin anlarda dövlətin xalqla, xalqın dövlətlə vəhdətinin daha da güclənməsinin labüdlüyü daha da aydın olur.

Ermənistan Qərbin əsas aləti rolunda çıxış edir və belə olan təqdirdə təbii ki, proseslər Azərbaycanda diqqətlə izlənilir. Xüsusən nəzərə alsaq ki, artıq üçüncü dünya müharibəsi Azərbaycanla sərhədləri olan dövlətləri ağuşuna alıb. Rusiya kimi nəhəng bir dövlət Ukraynada, həmçinin İran kimi qədim ənənələrə malik ölkə isə artıq Yaxın Şərqdə münaqişənin birbaşa iştirakçısıdır. Baxmayaraq ki, hər iki dövlət uzun müddət bu prosesdən yayınmağa çalışırdı, lakin bunu bacarmadı. Azərbaycan isə çox gərgin, mürəkkəb geosiyasi bir regionda yerləşməsinə baxmayaraq, bu proseslərin qarşısını ala bilib. Azərbaycan Prezidenti Vətən müharibəsi, antiterror tədbirləri Azərbaycanın yaratdığı yeni hərbi-siyasi konfiqurasiya ilə bölgəni qütblərarası ziddiyyətlərin qarşıdurma platformasına çevrilmə təhlükəsindən xilas edib. Ona görə də Qafqazda Ermənistana da daxil olmaqla hər kəs Azərbaycan rəhbərliyinə minnətdar olmalıdır ki, regionun Suriya və Ukraynaya çevrilməsinə imkan verməyib.

"…Biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq". 2022-ci il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində məhz bu məsələyə diqqət çəkərək Azərbaycanın mövqeyini dəqiqliklə ifadə etmişdi. Təəssüf ki, geosiyasi hadisələr şimal və cənub qonşularımızın iştirakı ilə bilavasitə sərhədlərimizdə baş verir. Ölkəmiz ciddi səylə yeni ayırıcı xətlərin hərbi zəmində Azərbaycan-Ermənistan şərti sərhədinə daşınmaması üçün zəruri addımlar atır. Vətən müharibəsindən sonra Azərbaycanın artan imkanları rəsmi Bakıya, bölgədə öz gündəliyini diktə etməyə, regionda həyata keçirilməsinə cəhd olunan təcavüzkar planlara qarşı qəti mövqe sərgiləməyə və Azərbaycana sabitləşdirici faktor kimi çıxış etməyə imkan verir.

İri, nəhəng qlobal güclər, hətta prosesdə aktiv rol oynamasına baxmayaraq, Rusiya, İran kimi dövlətlər belə bu prosesin qurbanına çevrilir. Lakin bu gün ölkəmiz möhtərəm Prezidentin Şuşadan 2023-cü il mayın 10-da bəyan etdiyi kimi, Azərbaycan bu gün sabitlik adasıdır. Əlbəttə, bu, ölkəmizin əldə etdiyi ən böyük nailiyyətdir və Azərbaycan xalqı da təbii ki, bu reallığın fərqindədir. Bu gün dünyanın "qaynar qazan"a çevrildiyi bir vaxtda, ayrı-ayrı güclərin öz istəklərini diktə etməyə çalışdığı bir dövrdə Qafqaz kimi mürəkkəb region sabitdir. İlk dəfə olaraq biz Cənubi Qafqazın yerləşdiyi təbii coğrafi şəraiti öz maraqlarımıza uyğunlaşdıraraq bu bölgənin coğrafiyasını ölkəmizin dividendinə çevirməyi bacarmışıq. Dünyanın demək olar ki, hər bir nöqtəsində müharibə, toqquşma və qarşıdurmalar baş verir. Azərbaycanda isə sabitlik və təhlükəsizlik hökm sürür. Əbəs yerə Azərbaycan sabitlik adası adlandırılmır və dövlət başçısının da dediyi kimi, bu, böyük sərvətdir və həmin sərvəti qorumaq lazımdır.

Bu gün ölkəmiz sabitlik adası, təhlükəsizlik məkanıdır. Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi, regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr iki məqamı ifadə edir. Ölkəmizə inam və etimad kifayət qədər yüksəkdir.

Tacir SADIQOV,

"Respublika".