Soçidə növbəti üçtərəfli görüş
Siyasət

Soçidə növbəti üçtərəfli görüş

Uzunmüddətli sülhə doğru daha bir addım

Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçirilməsi nəzərdə tutulur. İclasda liderlərin imzaladıqları 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların müzakirəsi planlaşdırılır. Görüşdə onların ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini də müzakirə edəcəkləri gözlənilir.

Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirir. Amma hələ ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə, ölkəmiz dəfələrlə açıq bildirib ki, delimitasiya prosesinə başlamağa hazırdır. Eyni zamanda, Ermənistan tərəfinə təklif olunub ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlamaq lazımdır.

"Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflər tərəfindən ciddi əməl olunması ilə qoyulmuş yol ola bilər - mən indi bütün bunları sadalamayacağam". Bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının növbədənkənar videoformatda keçirilən sessiyasında səsləndirən Rusiya Prezidenti Vladimir Putin onu da qeyd edib ki, məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası yolları, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı bu razılaşmaların ardıcıl icrası nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşmasına nail olmaq mümkündür.

Ermənistan hazırda elə bir ağır vəziyyətlə üzləşib ki, həmin vəziyyətdən çıxış yolunu kimsə görmür və tapa bilmir. Nə Paşinyana güman var, nə əvvəlki bədnam idarəçilərə. Hazırda hadisələrin nisbətən ölkəmizin maraqlarına uyğun inkişaf etdiyi zamanda sülh sazişini imzalamaqdan başqa yolu qalmadığını görən Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətdən qurtarmaq üçün Azərbaycanın ədalətli şərtlərini qəbul etmək əvəzinə, yenə də danışıqlar prosesini ləngitməyə çalışır. Üçtərəfli görüş ərəfəsində Onun KTMT-yə müraciəti, bəzi yersiz təklifləri bu fikri təsdiq edir. Paşinyanın fikirlərinə Belarus Prezidenti Aleksandr Lukaşenko münasibət bildirərək KTMT-nin videokonfrans formatında keçirilən sammitində deyib ki, Minsk Bakı, Moskva və İrəvanın Azərbaycan-Ermənistan sərhədində nizamlanma ilə bağlı istənilən razılaşdırılmış qərarını dəstəkləyəcək. Onun fikrincə, ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi tələb edən Ermənistanın KTMT-nin fövqəladə sammitində bu məsələni qaldırması bir qədər qəribədir, çünki Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına dair qərar qəbul edilməlidir.

Belarus Prezidenti bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı sualları KTMT-nin fövqəladə sammitinə çıxarmaq üçün tələsməyə ehtiyac yox idi. Azərbaycan-Ermənistan-Rusiya "üçlüyünün" görüşünün nəticələrini gözləmədən onları gündəmə gətirmək tezdir. "Siz qarşımıza iki sual qoyursunuz. Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi... Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik. İkinci sual budur: yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verirəm: Azərbaycan Prezidenti İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya Prezidentindən vasitəçilik istəyin və qərar qəbul edin".

Onu da qeyd edək ki, bu günədək Soçidə gözlənilən üçtərəfli görüşdən əvvəl də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üç üçtərəfli görüş olub. Avropa İttifaqının vasitəçiliyi ilə isə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüblər. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub. Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdikləri bildirilib.

Mustafa MUSTAFAYEV,

"Respublika".