Multikultural dəyərlərə hörmət ən mükəmməl nümunədir
Siyasət

Multikultural dəyərlərə hörmət ən mükəmməl nümunədir

"Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir". Ölkə başçımız İlham Əliyevin Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bu fikirlər xüsusi yer tutur.

Dünyada çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınan Azərbaycan qədim dövrlərdən başlayaraq müxtəlif etnosların, dini icmaların dinc, yanaşı yaşamalarının unikal məkanı olub. Hələ keçmiş sovetlər dövründə Bakı beynəlmiləl şəhər adlandırılmış, fərqli dinlərin nümayəndələri respublikamızda sülh, əmin-amanlıq şəraitində yaşamış, onlar ölkəmizi ikinci vətənləri hesab etmişlər. İnsanları hər zaman birliyə, birgəyaşayışa, islam və xristian aləmini sülhə səsləyən Azərbaycanda multikulturalizm bütün dövrlərdə həyat tərzi olmuşdur və bu gün: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir", - deyən dövlət başçımızın məqsədyönlü və uğurlu siyasəti sayəsində ölkəmizdə mövcud din, tolerantlıq mühiti daha da gücləndirilmiş, mədəniyyətlərarası dialoqun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönələn mühüm layihələr reallaşdırılır.

Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs ölkəmizdə xoşbəxt, firavan yaşayır. Bu səbəbdən də müasir dövrdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı təhdidlərin qarşısının alınması və həlli yollarının müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsində ölkəmizin rolu təqdir edilir və sivilizasiyalar arasında körpü rolunu oynayan Bakı sülh və dialoq şəhəri kimi tanınır.

Lakin çağdaş dünyamızda islamofob meyillərin sürətlə artmasından, müsəlmanlara qarşı ayrı-seçkilik, dözümsüzlük hallarının güclənməsindən Azərbaycan da əziyyət çəkir. Belə ki, Ermənistanın 30 illik təcavüzkar siyasətinin əsasını etnik nifrət zəminində məhz islamofobiya, azərbaycanofobiya təşkil etmişdir. İşğal olunmuş ərazilərimizdə dünya, o cümlədən ölkə əhəmiyyətli memarlıq, arxeoloji, monumental abidələr, dekorativ-tətbiqi sənət nümunələri tamamilə məhv edilmiş, məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə Azərbaycan xalqına məxsus bütün mədəniyyət abidələri tamamilə dağıdılmış, 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir. Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi və s. yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində qiymətli memarlıq nümunələri olan Xudafərin körpüləri Ağdamda Pənahəli xan nəslinin nümayəndələrinin dəfn edildiyi İmarət vandallıqla dağıdılıb.  Düşmənin zəbt etdiyi torpaqlarımızda milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin yer üzündən silinməsi kimi vəhşiliklərinə, vandallığına göz yuman bəzi ermənipərəst dövlətlərin işğalçını deyil, işğala məruz qalan, bir milyondan çox vətəndaşı əzəli yurd yerlərindən didərgin salınan, xalqının başına olmazın müsibətlər gətirilən Azərbaycanı heç bir əsas olmadan günahlandırması azərbaycanofob, islamofob, türkofob siyasətin açıq təzahürüdür.

Bütün bunların dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, müqəddəs kitabımız "Qurani-Kərim"in yandırıldığı, Məhəmməd (ə.s.) Peyğəmbərin karikaturalarının nəşr edilməsinin söz azadlığı kimi qələmə verildiyi, müsəlmanların dini inanc yerləri olan məscidlərin, inanc yerlərinin  təhqir olunduğu bəzi "demokratik" qərb dövlətlərində anti-Azərbaycan meyilləri getdikcə daha da artır. Mərhəmət, sülh, ədalət dini olan İslam dinini təhlükə mənbəyi adlandıran, islam mədəniyyətinə qarşı nifrət formalaşdıran bu dövlətlərin Avropa Şurasının Parlament Assambleyası kimi "nüfuzlu" qurumlarında ölkəmizin əleyhinə əsassız bəyanatlar səsləndirilir, qərəzli qətnamələr qəbul edilir, islamofobiyanı əks etdirən məsələlər süni şəkildə gündəmdə saxlanılır.

"Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" adlı sessiyasında çıxış edən müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) Fransada müsəlmanlığın siyasi anlayış, İslam dininin isə zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edildiyini deyib: "Bu gün islamofobiya Fransada dövlət siyasətidir. Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır". Qərbi Azərbaycan İcmasının Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, "Fransada Qərbi Azərbaycan irsinin qorunması" İctimai Birliyinin sədri Zaur Sadıqbəyli də bu ölkədə azərbaycanlılara qarşı qərəzli münasibətin olduğunu, bir çox müsəlman məktəblərinin bağlandığını, İslama aid kitabların kitabxanalardan yığışdırıldığını diqqətə çatdırıb.

İrqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmək missiyasını yerinə yetirməli olan UNESCO-nun  İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin dəvətinə məhəl qoymayaraq ermənilərin 30 il ərzində torpaqlarımızda törətdikləri vəhşiliklərin qiymətləndirilməsi üçün ölkəmizə səfərini hər dəfə təxirə salması da açıq-aydın anti-Azərbaycan siyasətinə xidmət edir. Çünki beynəlxalq təşkilatlar, o cümlədən UNESCO bu gün işğaldan azad olunmuş ərazilərimizə gələrsə, vəhşi ermənilər bu yerləri barbarcasına dağıtdığını, daşı-daş üstə qoymadığını görəcəklərini yaxşı bilirlər. Sözsüz ki, xristian təəssübkeşliyi onlara gördüklərini, şahidi olduqlarını dilə gətirməyə imkan vermir.

Zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olan, xalqların dostluq şəraitində yaşamalarına, müharibələrsiz, münaqişələrsiz bir dünyanın olmasına böyük önəm verən Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş mühüm təşəbbüslərin müəllifidir. Ölkəmizdə millətlər və dinlər arasındakı münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli tədbirlər, elmi konfranslar keçirilir. Ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm, tolerantlıq modeli mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır.

Mehparə ƏLİYEVA,

"Respublika".