Səfir: Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir
Siyasət

Səfir: Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Xalqlarımızı ortaq köklərin, oxşar tarixin və ənənələrin birləşdirdiyini deyən Milli Məclisin sədri bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə yüksəlib.

Gələn il Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını bildirən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Qırğızıstan əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticari-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu xüsusi vurğulayıb. Milli Məclis sədrinin sözlərinə görə, yüksək səviyyəli görüşlərin dinamikası, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlər üzrə mövqelərin qarşılıqlı dəstəklənməsi Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdıran Sahibə Qafarova Türk Şurası çərçivəsində münasibətləri xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin və qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edirlər.

Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.

Görüşdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev səmimi qəbul üçün minnətdarlığını bildirərək, xalqlarımız arasında zəngin tarixə malik dostluq və qardaşlıq münasibətlərinin hazırda uğurla inkişaf etdiyini söyləyib. O deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC