Sarıbaba dağından Laçına su xətti çəkilib
Region

Sarıbaba dağından Laçına su xətti çəkilib

Bahar fəsli, yaz ayları gələndə dağların əzəməti elə bil daha da artır, bu yerlərdə əsrlərdir ki, sıldırım qayalar çiyin-çiyinə dayanıb, gen dərələrdən duman sürünür. Burada təbiətin gözəlliyindən doymaq olmur, torpağın sinəsindən pöhrələr baş qaldırır, şehli çəmənlərin, çiçəklərin ətri-rahiyyəsi ətrafa yayılır. Nadir gözəlliyi, relyefi, havası, mineral suları ilə məşhur olan Laçın misilsiz qələbənin, qürurun, məğrurluğun, quruculuğun ahəngi ilə nəfəs alır.

Döyüş meydanında Ermənistan ordusunu məğlubiyyətə uğradan qəhrəman Silahlı Qüvvələrimizin bölmələri Laçın rayonunun bir çox yaşayış məntəqələrini savaşaraq, qan tökərək, düşməni diz çökdürərək azad etdi. Rayonun işğalda qalan digər əraziləri isə üçtərəfli Bəyanata görə işğalçılardan təmizləndi, Laçında qeyri-qanuni məskunlaşdırılmış ermənilər əzəli torpaqlarımızdan qovuldular. Ağır məğlubiyyəti həzm edə bilməyən Ermənistan silahlıları havadarlarının təhriki ilə ordu bölmələrimizin yerləşdiyi mövqelərə hücum edərək artilleriya qurğularından atəş açdılar. Şəhidlər verdik, yaralılarımız oldu. İrəliləməyə cəhd edən təxribatçı erməni ordusunun bölmələrinin hücumu dayandırıldı və Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Qeyd edək ki, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib, onlarla düşmən yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Adıçəkilən Sarıbaba zirvəsi Şuşa və Laçın rayonlarının ərazisində, dəniz səviyyəsindən 2295 yüksəklikdə yerləşir. Sarıbaba dağının bir yamacının ətəklərində Şuşa rayonunun Xəlfəli, Şırlan, Xanalılar, Cəmilli, Zaman pəyə, Nəbilər, Zarıslı kəndləri, Turşsu qəsəbəsi, Onverst kəndi, Salatınkənd (yaxud, Sarıbaba), Böyük və Kiçik Qaladərəsi kəndləri yerləşir. Dağın digər yamacında isə Laçın rayonunun Qozlu, Böyük İpək, İpək, Təmirazlar, Bülüldüz, Tıgik, Zerti, Laçınkənd, Xırmanlar, Qaradağlı, Haqverdi talası, Səfilər, Ağbulaq, Seyid Alılar, Miralılar, Əsgərkənd və Dərəbaşı kəndləri var. Qeyd edək ki, Sarıbaba yüksəkliyi böyük hərbi strateji əhəmiyyətə malikdir. O zirvədən baxanda Laçın şəhəri, Şuşa rayonunun Turşsu qəsəbəsi və hətta Zəngilan da görünür.

Laçında və ətraf kəndlərdə çox böyük quruculuq işləri həyata keçirilir, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyat əhəmiyyətli infrastruktur layihələr uğurla icra edilir. Çox böyük zövqlə, milli memarlıq üslubunda yenidən qurulan Laçın öz sakinlərini qarşılamağa hazırlaşır, doğma yurd yerlərinə qayıdışa sayılı günlər qalıb. Laçın şəhərinin mənzərəsi çox möhtəşəmdir, dağların sinəsində baş qaldıran bu şəhər buraya gələn hər kəsi heyran edir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində xoş müjdəli bir hadisə ilə qeyd edilib. Belə ki, Sarıbaba dağ silsiləsində dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşən Xırmanlar kəndi ərazisindən Laçın şəhərinə 9 kilometrə yaxın yeni su xətti çəkilib. Mənbəyini təbii bulaqların suyundan götürən su xətti 300 metr yüksəklikdən öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Bundan başqa, müasir suvarma sistemi vasitəsilə dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqlar suvarılacaq. Mayın 10-da ulu öndərin yubileyi münasibətilə Laçın şəhərinin Kəlbəcər, Şuşa və Qubadlı istiqamətlərindəki girişlərində Bakı Abadlıq Xidməti, DİN-in Laçın polis şöbəsi rəhbərliyi və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Erməni vandalizmi nəticəsində məhv edilmiş ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları vəhşi erməniləri müdafiə edənlər üçün ibrətamiz mənzərədir. Ermənistanın törətdiyi böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək. Nə xoş ki, Vətən müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda tarixi ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın təntənəsi hökm sürür.

Dövlətimizin başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərində xalqımıza müraciətində bildirib ki, son günləri Qarabağda və Zəngəzurda keçirmişəm, bizim siyasətimizin, qəbul edilmiş qərarların təzahürləri artıq hər yerdə görünür. Bu, böyük xoşbəxtlikdir. Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq biz keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. Qeyd etdiyim kimi, 10 kəndin bünövrəsi, bax, bu son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Bu gün Qarabağ, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, ulu öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Salman ALIOĞLU,

"Respublika".