Saatlı: barlı-bərəkətli yurd yerimiz
Region

Saatlı: barlı-bərəkətli yurd yerimiz

İlk növbədə “Saatlı” sözü barədə... Müxtəlif zaman kəsiyində və müxtəlif yerlərdə bu bölgənin adı ilə bağlı fikir ayrılıqları, mübahisələr olmuş və yəqin ki, çoxumuz bu mübahisələrə müəyyən mətbu orqanlarında rast gəlmişik. İlk baxışdan ad məsələsində adamın “saat” sözünə yəqinliyi olsa da, elmi mənbələrdə göstərilən fikir fərqlidir. Burada belə yazılır; “Saatlı” etnonimi 14-cü əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı ilə Arazın sağ sahilində yaşayan saatlılıların xeyli hissəsi 15-ci əsrin 30-cu illərindən qonşu əraziyə köçmüşlər. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin--Saadlı tayfasının etnik adıdır”.

Deyilənlərlə razılaşaq. Saatlı rayonu bu gün öz kökünün üstündə dayanıb zəhmətsevər insanları, dövlətə və dövlətçiliyə sədaqətli əhalisi ilə birlikdə böyüyür, inkişaf edir, barlı-bərəkətli yurd yerlərimizdən biri hesab olunur.

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və  hər bir sahədə uğurlar əldə olunur.  Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı,  bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq  və pambıqçılığın inkişafına xüsusi önəm verilir. Cari ildə əldə olunan rəqəmlər yekunlaşmadığından ötən ilin göstəricilərinə nəzər yetirək;

2020-ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə 25759,7 min manat və ya 8,9 faiz artaraq, 315576,0 min manat olmuşdur.

İl ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 172,6 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 15,9 milyon  manat və ya 10,1 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun, 103,4 milyon manat və ya 59,9 faizi bitkiçilik məhsullarının, 69,2 milyon manatı və ya 40,1 faizi heyvandarlıq məhsullarının  payına düşür.

01 yanvar 2021-ci il tarixə 22986 hektar sahədə taxıl məhsulu biçilmişdir, həmin sahədən 95547,5 ton məhsul toplanmışdır kı, bu da hər hektardan 41,6  sentner məhsul deməkdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə hər hektardan 0,3 sentner çox taxıl məhsul toplanmışdır. 309 hektar sahədən 6626,2 ton və ya hər hektardan 185,0 sentner kartof, 915,0 hektar sahədən 25934,4 ton və ya hər hektardan 259,7 sentner tərəvəz, 2418,5 hektar sahədən 78334,0 ton və ya hər hektardan 323,9 sentner bostan, 606,5 hektar sahədən 9025,5 ton və ya hər hektardan 69,7 sentner dən üçün qarğıdalı, 48 hektar sahədən 503,8 ton və ya hər hektardan 105,0 sentner şəkər çuğunduru, 14 hektar sahədən 77,3 ton və ya hər hektardan 55,2 sentner günəbaxan, 63 hektar sahədən 456,7 ton və ya hər hektardan 63,8 sentner dənli paxlalılar (lobya) məhsulu və bağlardan 11927,8 ton müxtəlif növ meyvə məhsulu toplanmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hər hektardan  0,1 sentner kartof, 12,1 sentner tərəvəz, 3,5 sentner bostan, 0,6 sentner dən üçün qarğıdalı və 18,0 sentner günəbaxan məhsulu çox toplanmışdır. 2020-ci ildə 14141 hektar sahədən 47365,7 ton xam pambıq tədarük edilmişdir ki, bu da respublika üzrə pambıq tədarükündə ən yaxşı göstəricidir. Yeri gəlmişkən deyək ki, Sovet dövründə olduğu kimi, indiki vaxtda da pambıqçılıq sahəsinə saatlılılar liderlik edirlər. Ölkədə istehsal olunan pambığın 25-30 faizi Saatlı rayonunun payına düşür. Rayonda pambıqçılığın mükəmməl inkişafının nəticəsidir ki, Saatlı ilə yanaşı, qonşu Sabirabaddan olan fermerlər də bölgədə fəaliyyət göstərən emal zavodları ilə müqavilə bağlayırlar. Əkinlərə suvarma suyunun verilməsində yaranan çətinliklər aradan qaldırılsa, pambıq əkini sahələrinin həcmi daha da genişlənər. Saatlı fermerləri işğaldan azad edilmiş torpaqlarımızdakı sututarların yaxın gələcəkdə rayon ərazisindən keçən Araz çayında su bolluğu yaradacağına əmindirlər.

Bu dövrdə Saatlının bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın baş sayı 67765 baş, o, cümlədən ana inək və çamışların baş sayı 32354 baş, qoyun və keçilərin baş sayı 115608  olmuşdur.  2020-ci il yanvarın 1-i ilə müqayisədə 74 baş iribuynuzlu mal-qara artmışdır. İribuynuzlu mal-qaranın tərkibində ana inək və çamışların sayı əvvəlki müvafiq dövrə nisbətən 47 baş artmışdır. Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə 2021-ci ilin 1 yanvar vəziyyətinə 901 baş iribuynuzlu mal-qara, o cümlədən, ana inək və çamış 369 baş, qoyun və keçilərin baş sayı isə 10367 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 107 baş, ana inək və camışların sayı 17 baş artmışdır.

Rayonda inkişaf edən yeni iqtisadi münasibətlər  şəraitində əhalinin iqtisadi fəallığı xeyli artmış və fəaliyyət sahələri genişlənmişdir. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması sahəsində   müəyyən işlər görülmüşdür. 2020-ci  il ərzində 1500 yeni iş yeri açılmışdır ki, bununda 379 vahid mövcud müəssisə və təşkilatlarda,  1121  vahidi isə fiziki şəxslərdir.

Saatlının iqtisadiyyatı təkcə kənd təsərrüfatı ilə məhdudlaşmır. Burada sənaye müəssisələri, o cümlədən pambıq emalı zavodları və məntəqələri fəaliyyət göstərir. Rayonda Biyan Emalı zavodunda da xeyli iş yeri var. Son illərdə Saatlı respublikamızın abad bölgələrindən birinə çevrilmişdir. Rayonun müxtəlif istiqamətlərinə yeni yollar çəkilmiş, içməli su və elektrik enerjisi sarıdan problem aradan qaldırılmışdır. Qazlaşmanın yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Barlı-bərəkətli Muğan torpağında yaşayan,  ruzisini əkin-biçindən çıxaran Saatlı rayonunun əhalisi gələcəyə nikbinliklə baxır, hər açılan sabahı daha işıqlı görür.

                                                        Tofiq HÜSEYN,

                                                      “Respublika”.