Qətiyyətli mövqeyimizin təcəssümü
MÜSAHİBƏLƏR

Qətiyyətli mövqeyimizin təcəssümü

Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycana təhvil verilməsi bir daha bizim qətiyyətli mövqeyimizin təcəssümüdür. Həm siyasi, həm də ordumuzun gücü diktə edən tərəf kimi bizim prosesə təsir imkanlarımızı artırıb.

Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra imzalanan kapitulyasiya aktından Ermənistan hər vəchlə yayınmaqla, şərtlərə əməl etməmək yolunu seçməklə boyun qaçırır. Bu 2 il ərzində Ermənistanın bir neçə dəfə müxtəlif bəhanələrlə, yaxud da çirkin əməllərlə üçtərəfli Bəyanata riayət etməkdən yayınması bir daha göstərdi ki, bu hərəkət onlar üçün müsbət heç nə vəd etmir. Çünki gec də olsa biz istədiyimizə nail oluruq. Sadəcə burada Ermənistan vaxt itirir. Onsuz da çökmüş iqtisadiyyatı olan bir dövlət normal əlaqələr quraraq inkişaf etmək əvəzinə çirkin oyunlara əl atır. Laçın şəhərinin, Sus və Zabux kəndlərinin də qaytarılması bütün dünyaya sübut edir ki, üçtərəfli Bəyanatın bəndləri gec, ya tez mütləq icra olunacaq. Laçın şəhərinin mərkəzi və kəndlərinin Ermənistanla sərhəddə yerləşməsini nəzərə alaraq bu ərazilərin nəzarətimizə keçməsi strateji əhəmiyyətə malikdir və Azərbaycanın mövqeyi daha da güclənəcək. Bununla yanaşı, orada tez bir zamanda abadlıq-quruculuq işləri başlanacaq və cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Laçın rayonunun sakinləri tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Vüqar İSKƏNDƏROV,

millət vəkili.