Qəhrəmanlığınızla qürur duyuruq
Region

Qəhrəmanlığınızla qürur duyuruq

Vətən müharibəsi ordu ilə xalqın birliyini, gənc nəslin vətənpərvərliyini, odlar yurdunun oğullarının igidliyini, düşməni bir göz qırpımında məhv etməyini, qorxmazlığını, cəsurluğunu, həmrəyliyi və mütəşəkkilliyi bütün dünyaya nümayiş etdirib. Müharibə həm də qəhrəmanları xalqımıza tanıdıb, onların igidliyi dillərdə dastana çevrilib. Torpaqların azad edilməsi üçün düşmənin başına od ələyən, onu məhv edən və bu şərəfli yolda  canını fəda edən oğulların cərgəsində Elşən Həmidov da olub. Çiyin-çiyinə, kürək-kürəyə dayanaraq erməni hərbi canilərini məhv edərək doğma torpaqları işğalçıların murdar tapdağından azad ediblər.

Elşən 1979-cu il avqustun 28-də Füzulidə anadan olub. Birinci Qarabağ müharibəsində 14 yaşlı Elşən valideynlərinin və həmyerlilərinin erməni təcavüzünün, məcburi köçkünlüyün ağır həyat şərtlərinə dözməklərinin və Ermənistanın torpaqlarımızı necə işğal etməsinin şahidi olub. Yeniyetmə Elşənin ürəyində düşmənə nifrət yaranıb, dünyanın gözü qarşısında baş verən bu haqsızlıq onu həmişə incidib.

Həqiqi hərbi xidmətini başa vurandan sonra Elşən bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb. Lakin hərbçi olmaq arzusu onu dinc buraxmayıb. Müddətdən artıq hərbi xidmət keçmək üçün ordu sıralarına yazılıb. Elşənin yenidən xidmət etməsi 2020-ci il sentyabrın 27-nə təsadüf edib,  həmin gün Vətən müharibəsi başlayıb.

Döyüşün ilk günündən Elşən silahlı qüvvələrimizin əsgər və zabitlərini ön mövqeyə daşıyan hərbi təyinatlı avtomobilin sürücüsü olub. Onun idarə etdiyi maşın döyüşlərin ən qızğın yerindən yaralıları və şəhidləri arxaya təxliyyə edib, dəfələrlə düşmənin atəşinə məruz qalıb, mərmilərin altında xidmətini ləyaqətlə və şücaətlə davam etdirib. Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı Elşən, sözün əsl mənasında, qan-tər içində yaralıları arxaya, döyüş mövqelərinə isə silah-sursat daşıyıb. Döyüş tapşırıqlarının yerinə yetirilməsində igidlik göstərib. Noyabr ayının 8-də Xocavənd rayonu ərazisində Elşən qəhrəmanlıq göstərərək həlak olub. Şəhid Elşən Həmidov Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılıb.

Bu günlərdə şəhidin ad günü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Şəhidin  məzarına gül-çiçək dəstələri düzülüb və xatirəsinə  ehtiram bildirilib. Şəhidin yadigar qalan üç övladı atalarının adı ilə, onun qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər və gələcəkdə atalarının davamçıları olacaqlarına söz veriblər. Şəhidin ailəsi dövlət qayğısı ilə əhatə olunub.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elşən Həmidov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qan tökərək azad etdiyiniz torpaqlarda və eləcə də xalqımızın qəlbində abidəyə çevrilən şəhidlərin əziz xatirəsi heç zaman unudulmayacaq. Adınızla və qəhrəmanlığınızla qürur duyuruq!

Salman ALIOĞLU,

“Respublika”.