Qazaxıstan parlamentinin nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub
SİYASƏT

Qazaxıstan parlamentinin nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 12-də Şuşa və Füzuli şəhərlərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müşayiət ediblər.

Şuşada qonaqlar Qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Bülbülün ev-muzeyinə, Xalça muzeyinə baş çəkib, Cıdır düzündə və İsa bulağında olublar. Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra bu abidələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa edilib.

Həmin gün Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri Füzuli şəhərinə gəliblər. Onlar burada yeni istifadəyə verilmiş Füzuli Hava Limanında olublar. Qonaqlara məlumat verilib ki, qısa müddətdə tikilmiş hava limanına bu günlərdə ilk sınaq uçuşları keçirilib və hava limanı həm yük, həm də sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir.

Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına əsasən tikilib. Bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

AZƏRTAC