Prokurorluq orqanları insan hüquq və azadlıqlarının etibarlı müdafiəçisidir
Digər xəbərlər

Prokurorluq orqanları insan hüquq və azadlıqlarının etibarlı müdafiəçisidir

"Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız".

                                                     Heydər ƏLİYEV,

                                                     Ümummilli lider.

Milli prokurorluq orqanları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılsa da, onun dövlət orqanı kimi formalaşması və inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri ilə bağlıdır.

Məhz ulu öndərin birbaşa rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində prokurorluq orqanları ölkənin məhkəmə-hüquq sistemində insan hüquq və azadlıqlarının etibarlı müdafiəçisi qismində, konstitusion statuslu təşkilat kimi formalaşmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Yarandığı 1918-ci ildən etibarən prokurorluq orqanları 104 illik çətin və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.

Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin həyata keçirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərlik, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlət siyasətinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

 Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunmuşdur. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi, iqtisadi, sosial, hərbi quruculuq və diplomatik siyasət nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmiş, Qarabağ münaqişəsinin həllinə nail olunmuşdur. Ölkə Prezidentinin silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qazanılan nailiyyətlərdə yaxından iştirak etməklə, mühüm məsələlərin həllini, o cümlədən şəhid, itkin düşən şəxslərin ailələrinin, müharibə iştirakçıları və qazilərin problemlərinin həllini daim nəzarətdə saxlayır.

Prokurorluq orqanları əməkdaşları peşə bayramlarının 104 illiyini ölkəmizdə davam etdirilən siyasi və sosial-iqtisadi islahatlar kontekstində Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə zəngin dövrdə qeyd edirlər. Belə ki, hər birimizə müqəddəs və əziz məkan, Qarabağın tacı olan Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2022- ci il "Şuşa İli" elan edilmişdir. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. 2022-ci ilin "Şuşa İli" elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb etməklə, şəhərin tarixi simasının bərpasına və inkişafına mühüm töhfə verəcəkdir.

Digər vacib hadisələrdən biri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş böyük tarixi qələbəmizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin 1 fevral 2022- ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 4 fevral 2022-ci il tarixdə isə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilərək Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilməsidir. Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilməsi bu sənədin hüquqi əsaslarını daha da möhkəmlətmiş və onun hüquqi gücünü daha da artırmışdır.

 Cari ildə baş vermiş mühüm tarixi hadisələrdən biri də Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq qalib Azərbaycan Ordusu tərəfindən 26 mart və 1 avqust 2022-ci il tarixlərdə həyata keçirilən "Fərrux" və "Qisas" əməliyyatlarıdır. Bu əməliyyatlar nəticəsində strareji əhəmiyyətli bir sıra yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmişdir. 12-13 sentyabr 2022-ci il tarixlərdə dövlət sərhədində Ermənistanın təxribatçı hərəkətlərinin qarşısının qətiyyətlə alınması düşmənin xain planlarının reallaşmasına ciddi zərbə vurmuş, mövcud münaqişənin Azərbaycanın təklif etdiyi sülh gündəliyi əsasında həllinin alternativinin olmadığını bir daha təsdiq etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti ilə Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin və onların havadarlarının məkrli planlarını pozaraq uzun illərdir işğal altında qalan Laçın şəhəri və rayonun Zabux, Sus kəndləri 26 avqust 2022-ci il tarixdə azad edilməklə ölkəmizin ən mühüm strateji təyinatlı bölgələrində suverenliyimiz təmin olunmuşdur.

Qeyd edilən dövrdə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri "Böyük Qayıdış"ın müjdəçisi olmaqla, bu ərazilərin bərpası və inkişafı baxımından mühüm rol oynayır.

26-29 may 2022-ci il tarixlərdə Bakı şəhərində "TEKNOFEST Azərbaycan" festivalının keçirilməsi Türkiyə və Azərbaycan xalqları arasında dostluğun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin yeni və daha yüksək mərhələyə keçməsini təsdiqləyir. Bu festival Azərbaycan və Türkiyənin iqtisadi, hərb və mədəniyyət sahələri ilə yanaşı, həm də elm və texnika sahəsində də birliyini nümayiş etdirir. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxış etmələri tədbirin əhəmiyyətini bir daha artırdı, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini nümayiş etdirdi.

30 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsi olmaqla ölkəmizin ərazi bütövlüyünə lazımi siyasi dəstəyin verilməsinə xidmət etmişdir.

 Bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ölkə Prezidentinin iştirakı, keçirdiyi görüşlər və dərin məzmunlu çıxışı Azərbaycanın haqq işinin, iqtisadi potensialının bir daha dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Ölkə Prezidentinin 2022-ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə qeyd etdiyi kimi, hesabat dövrü uğurlu nəticələrin davamlı olması ilə əlamətdar olmuş, dünya ölkələrini əhatə edən böhrana baxmayaraq, iqtisadiyyat 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6% inkişaf etmişdir. Sənaye istehsalı 2,1%, qeyri-neft sənayesi 11,5% artmışdır.

Əhalinin gəlirlərinin 20 faiz artması, proqnozlardan artıq dövlət büdcəsinə 2 milyard pul yığılması əmək haqlarının və təqaüdlərin artırılmasına, azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.

 Şəhid ailələrinin, müharibə əlillərinin, müharibə veteranlarının, keçmiş məcburi köçkünlərin problemləri daim ölkə Prezidentinin, Birinci vitse-prezidentin diqqət mərkəzindədir və bu istiqamətdə çox böyük işlər görülmüşdür. Şəhid ailələri, qazilər, müharibə veteranları, məcburi köçkünlər minlərlə mənzil, fərdi ev, avtomobillərlə təmin olunmuşdur və bu işlər davam etdirilir.

Ölkədə təqaüdlər artırılmış, özünüməşğulluq proqramları, digər sosial layihələr həyata keçirilmiş, valyuta ehtiyatları yaradılaraq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiyalar qoyulmuş, biznes, özəl sektor inkişaf etdirilmişdir. Nəzərə alınmalıdır ki, bütün bu işlər dünya iqtisadiyyatını bürüyən böhran şəraitində həyata keçirilir.

Söz yox ki, bu uğurların qazanılmasının başlıca səbəbi dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətdir. Bununla yanaşı, həmin nailiyyətlərin əldə olunmasına ictimai-siyasi, kriminogen durumun sabitliyi də töhfə vermişdir.

1 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbul edilərkən bu mühüm dövlət qurumuna korrupsiyaya qarşı daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun formalaşdırılmasını tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar prokurorluq orqanlarında aparılan islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir.

Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşdırılmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı Şəhər Prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilmiş, daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılmışdır.

Bununla yanaşı kadr korpusunun yenidən komplektləşdirilməsi istiqamətində işlərə start verilmişdir və bu indi də davam etdirilməkdədir.

Qeyd edilməlidir ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət idarəçiliyində də ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı, inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsi milli təhlükəsizliyimizin və sosial-iqtisadi inkişafımızın əsas istiqamətlərindən biridir.

Hər bir ölkənin uğurlu inkişafı onu idarə edən kadrların uzaqgörənliyindən, strateji düşünmə qabiliyyətindən, bütövlükdə dövlət qulluğunda çalışanların ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirməsindən, öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, müasir dünyanın tələblərini bilməsindən, öz bilik və bacarığını daim təkmilləşdirməsindən asılıdır. Bu baxımdan prokurorluq işçiləri qarşısında qoyulan tələblər çox yüksəkdir.

 Prokurorluqda işlərin müasir tələblər səviyyəsində qurulmasına mane olan ən başlıca səbəblərdən biri də, qurumun fəaliyyətini tənzimləyən normativ xarakterli hüquqi aktların sayının çoxluğu olmuşdur ki, bu sənədlər bəzi hallarda bir-birlərini təkrarlayır, tabe prokurorluqların səlahiyyətlərini məhdudlaşdırmaqla, ifrat mərkəzləşməni təsbit edir, cəmiyyətdə gedən proseslərə cavab vermirdi.

Məhz bu səbəblər prokurorluğun fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın yenilənməsini, sistemli hala salınmasını labüd edirdi. Baş Prokurorluqda idarəçilik, icra və intizam, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini və sair məsələləri müasir tələblər səviyyəsində təmin etmək məqsədilə Baş Prokurorluğun "İşin Təşkili Qaydaları" qəbul edilmişdir.

Qeyd olunmalıdır ki, prokurorluq orqanları əməkdaşları dövlət başçısının daim sosial qayğısını hiss etmişlər, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitdən, həmçinin prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitdən, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitdən Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına vəsaitlərin köçürülmə qaydasının müəyyənləşdirlməsi prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm rol oynamışdır.

 Həmçinin, prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Eyni zamanda xarici dövlətlərin prokurorluqları, hüquq-mühafizə orqanları, digər dövlət qurumları, beynəlxalq təşkilatlarla beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsi, Rusiya Federasiyası, Türkiyə Respublikası, Polşa Respublikası, Özbəkistan Respublikası, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı və digər dövlətlərin prokurorluq orqanları ilə əməkdaşlıq müqavilələrinin bağlanılması, Baş prokuror Kamran Əliyevin təklifi ilə 2021-ci ilin 1 noyabr tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının yaradılması Azərbaycan prokurorluğunun beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etməklə yanaşı, funksional vəzifələrin icrası zamanı meydana çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin edir.

2020-ci ilin ikinci yarısından etibarən ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun surətdə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran məqsədlərin həyata keçirilməsində prokurorluğun fəaliyyətinin forma və metodlarının müasir çağırışlara uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırılmaqla, prokurorluğun fəaliyyət istiqamətləri təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən son dövrlər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara, milli dövlətçilik ənənələrinə müvafiq surətdə hazırlanmış qanun və digər normativ-hüquqi aktların layihələri prokurorluq orqanlarının fəaliyyətində qanunvericilik təşəbbüsü hüququndan istifadəni yeni mərhələyə yüksəltmişdir.

 Görülən tədbirlər nəticəsində bu gün prokurorluq əhalinin etimad etdiyi dövlət orqanına, insanların güvən yerinə çevrilmiş, struktur, kadr dəyişiklikləri ilə çevik idarəetmə mexanizmləri yaradılmışdır.

Ölkə prokurorluğunda aparılan islahatlar paytaxtın prokurorluq orqanlarında da uğurla davam etdirilmişdir. Bu kontekstdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə cari ilin 28 aprel tarixində Bakı Şəhər Prokurorluğunun və tabe prokurorluqların rəhbər heyətinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində işlərin təşkili, planlaşdırılması, həmçinin ibtidai araşdırmaya prosessual nəzarət, prosessual rəhbərlik, cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyətin həyata keçirilməsi, vətəndaş qəbulu və müraciətlərə baxılması, tabe rayon prokurorluqlarının fəaliyyətinə nəzarətin təşkili, Baş Prokurorluğun mərkəzi aparatı ilə koordinasiyalı işin səmərəliliyinin daha da artırılması üzrə mühüm vəzifələr müəyyənləşdirilmişdir. Həmin vəzifələrin icrası paytaxtın prokurorluq orqanları kollektivlərinin qarşısında duran ən prioritet məsələlərdən biri olmaqla, onların icrasının təmin edilməsi üçün verilən tapşırıqlar üzrə "Tədbirlər planı" hazırlanmışdır.

Bakı şəhəri üzrə prokurorluq orqanlarının fəaliyyətinin yenidən təşkili məqsədilə cinayət, cinayət-prosessual, inzibati qanunvericiliyə və digər qanunvericilik aktlarına dəyişiklik edilməsinə dair qanun layihələri hazırlanmış, həmçinin Baş Prokurorluğun Kollegiya qərarının icrası ilə əlaqədar şəhər üzrə əvvəlki illərdə qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürməyə dair cinayət işləri aidiyyəti rayon prokurorlarının və işçilərin iştirakı ilə müzakirə edilməklə onların açılması istiqamətində müsbət nəticələrin əldə edilməsinə yönələn konkret tədbirlər həyata keçirilir.

2022-ci ilin iyul ayının 26, 29, avqust ayının 1 və 5-i tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Bakı şəhərinin rayon prokurorluqlarında keçirilən görüşlərdə qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərin keyfiyyətinin daha da yüksəldilməsi, xüsusilə ibtidai araşdırmaya prosessual rəhbərlik və nəzarət sahələrində qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasının, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin aşkara çıxarılmasının, dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin, yetkinlik yaşına çatmayanların maraqlarının qorunmasının, o cümlədən cinayət təqibindən kənar sair icraatların həyata keçirilməsinə prokuror nəzarətinin gücləndirilməsinin, Qarabağ qaziləri barədə elektron baza yaradılmaqla onların təxirə salınmadan qəbul edilməklə problemlərinin həll olunmasının təmin edilməsi barədə göstəriş və tapşırıqlar verilmiş, onların yerinə yetirilməsinin təşkili məqsədilə 8 avqust 2022-ci il tarixdə "Tədbirlər planı" təsdiq olunaraq icra üçün aidiyyəti qurumlara göndərilmişdir.

Paytaxtın daxili işlər və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq qeyd olunmalıdır ki, cari ilin müvafiq dövründə şəhər ərazisində törədilən 32 qəsdən adam öldürmə cinayətinin hamısının açılması təmin edilmişdir. Həmçinin, prokurorluq və daxili işlər orqanlarının istintaq qurumlarında ibtidai istintaqı aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 29.204.623 manat maddi ziyandan 24.835.323 manatının, yəni 85 faizinin ödətdirilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin vətəndaş məmnunluğunun təmin olunması barədə tapşırığını fəaliyyətlərində rəhbər tutan paytaxtın prokurorluq orqanlarında cari dövrdə 4661 vətəndaş qəbulu keçirilməklə 4421 müraciətə baxılmış, məhz vətəndaş, xüsusilə şəhid ailələri, qazi və müharibə iştirakçılarının müraciətlərinə göstərilən yüksək diqqətin nəticəsidir ki, şəhər prokurorluğunun aidiyyəti qurumları və tabe prokurorluqlar tərəfindən baxılan müraciətlər üzrə qanuni qərarların qəbulu təmin edilmişdir.

Hər il oktyabr ayının 1-i prokurorluq işçiləri üçün tək peşə bayramı günü deyil, o, həm də qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərin təhlil olunduğu, müzakirələrin aparıldığı gündür.

Cari ildə Bakı şəhərinin prokurorluq orqanlarının işçiləri, prokurorluğun veteranları ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi sahədə, eləcə də cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi üzrə əldə edilən uğurlu nəticələr fonunda 1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Gününü böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Əminliklə deyə bilərik ki, Bakı Şəhər Prokurorluğunun kollektivi bundan sonra da öz işini göstərilən yüksək etimada layiq səviyyədə quraraq paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə mövcud dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlətçiliyimizə yönələn istənilən təxribatların qarşısının qətiyyətlə alınması məqsədilə bütün mümkün və zəruri tədbirlərin görülməsini, cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə aparılmasını təmin edəcəkdir.

Elşən ABBASOV,

 Bakı şəhər prokuroru,

 III dərəcəli dövlət ədliyyə müşaviri.