Perspektivli təhlükəsizlik və əməkdaşlıq ciddi əhəmiyyət daşıyır
Siyasət

Perspektivli təhlükəsizlik və əməkdaşlıq ciddi əhəmiyyət daşıyır

Bu baxımdan Azərbaycanın təklif etdiyi təşəbbüslər təqdir olunur

Təhlükəsizlik son dərəcə aktual bir problemdir və dünyanın heç bir regionu təhdidlərdən, sabitliyi pozan proseslərdən sığortalanmayıb. Ona görə də perspektivli təhlükəsizlik mexanizminin axtarışı da ciddi əhəmiyyət daşıyır. Azərbaycanın təklif etdiyi ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı bu baxımdan olduqca maraqlı görünür. Çünki burada faktiki olaraq iqtisadi, sosial, enerji, hərbi və siyasi sahələrin bir-birinə uyğun şəkildə inkişaf etdirilməsi, həmin əsasda əməkdaşlığın genişlənməsi nəzərdə tutulur.

Bu istiqamətlərdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında ciddi əlaqələrin mövcud olduğunu deyə bilərik. Bunun nəticəsidir ki, Cənubi Qafqazda sabitliyi qorumaq mümkün olur. 2014-cü il may ayının 6-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşündə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, Tbilisi sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulandı. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Ölkə başçımızın qeyd etdiyi kimi, prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. “Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər”. Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

Regional məsələlərin müzakirəsində diqqətçəkən hadisələrdən biri də 20.02.2014-cü ildə Gəncənin “VEGO” otelində keçirilən görüşdə ölkələr arasındakı münasibətlər, regional əməkdaşlıq, iqtisadi inkişaf və üç dövlət arasında hərtərəfli inkişaf məsələləri Azərbaycan-Türkiyə, Türkiyə-Gürcüstan və Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin ikitərəfli görüşlərində müzakirə edilib. Gəncə Şəhər İcra Hakimiyyətində səmimi qarşılanan xarici işlər nazirlərinin burada keçirilən geniş tərkibli görüşündə bir çox regional məsələlər müzakirə edilib, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Gəncə görüşünün yekunları əsasında birgə Bəyannamə imzalanmışdır. Bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizlənməyə, yüz minlərlə insanın qaçqın və məcburi köçkün olmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur. Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri və qərarları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə ediblər. 2012-ci ildə Trabzon görüşündən sonra başlayan xarici işlər nazirlərinin üçtərəfli görüşləri hər üç respublika üçün böyük siyasi və iqtisadi səmərə verməklə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan ölkələri arasında strateji əməkdaşlığın daha yeni səviyyəyə çatdırılmasına imkan yaradıb. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı gedən söz-söhbətlərə açıqlamada vurğulanıb ki, Qarabağ problemi həll edilməyincə Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz.

2017-ci ilin dekabrında Bakı növbəti üçtərəfli formatda keçirilən sammitə ev sahibliyi etdi. Bununla da son vaxtlar region ölkələrinin həm prezidentləri, həm də xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərin sırasına Azərbaycan-Türkiyə-İran sammiti də əlavə olundu. Xarici işlər nazirlərinin üçlü formatda sayca 5-ci olan bu görüşü həm ölkələr arasında əməkdaşlıq, həm də regional problemlərin müzakirəsi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətli oldu. Görüşün yekunu olaraq qəbul olunan Bakı bəyannaməsində Azərbaycanın əsas probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində qısa müddətdə həllinin vacibliyi hər üç ölkə naziri tərəfindən vurğulandı.

2018-ci il martın 15-də Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə cənub-qərb nəqliyyat dəhlizi müzakirə edilib. Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə, Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla, “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılmasının vacibliyi vurğulanıb. Nazirlərin ilk dəfə baş tutan dördtərəfli görüşü məhz Bakıda keçirilib. XİN rəhbərləri mətbuat konfransında jurnalistlərə dördtərəfli görüşün önəmi barədə danışıb və əməkdaşlığın regionda sülhə, sabitliyə xidmət edəcəyini diqqətə çatdırıblar. Nazirlərin görüşü zamanı Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə nazirlər “regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək” istədiklərini bildiriblər. Həmçinin dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir. Azərbaycan, Türkiyə və Pakistan hər zaman bir-birilərinə dəstək olub, beynəlxalq təşkilatlarda da bu ölkələrlə bağlı məsələlər müzakirə olunarkən birmənalı və istisnasız olaraq, axıracan bir-birilərinin müdafiəsində dayanıblar. Konkret olaraq Pakistanla Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində sərgilədiyi mövqeni misal göstərmək olar. 2017-ci il noyabrın 30-da Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü Bakıda baş tutub. Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü də çox böyük və müstəsna əhəmiyyətə malik olan hadisədir. Belə ki, Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə həm də bu günə kimi Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. Onlar nə qədər ki işğalçı və təcavüzkar Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayıb, o vaxta kimi Ermənistanla diplomatik münasibətlərin mümkünsüz olduğunu bəyan edib və ötən illər ərzində səmimi şəkildə öz bəyanatlarına, öz mövqelərinə sadiqliklərini nümayiş etdiriblər. Eyni zamanda, Pakistan ali qanunverici orqan - parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, daim bu ölkələrin problemlərinə həssas yanaşıb, öz dəstəyini əməli şəkildə ifadə edib. Yəni, fəxr və qürur hissi ilə söyləmək olar ki, bu 3 ölkə arasında olan münasibətlər ən ideal münasibətlərdir və bundan da qazanan bu ölkələrin dost və qardaş xalqlarıdır. Bu görüş də regionda, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək. Görüş mövcud strateji münasibətlərdə yeni mərhələdir. Ümumiyyətlə, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək. 2021-ci ilin yanvarında Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri İslamabadda üçtərəfli görüş keçirmişdir. Görüşdə xarici işlər nazirləri İslamabad Bəyannaməsini imzalamışlar. Bu, parlamentlərarası dialoq, təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində strateji əməkdaşlığı gücləndirəcək. Bəyannamə əvvəllər mövcud olan üçtərəfli əməkdaşlığın sənədləşdirilmiş formasıdır və əməkdaşlığın təşkilatlanmasına töhfə verəcəkdir. Bu kontekstdə Pakistanın TürkPA ilə sıx əməkdaşlıq bütün tərəflərin maraqlarına uyğundur. BMT-nin qətnamələrinin kağız üzərində qaldığı bir vaxtda bu cür əməkdaşlığın qurulması vacibdir. Bundan sonra Azərbaycan, Pakistan və Türkiyə beynəlxalq aləmdə bir-birini daha güclü şəkildə dəstəkləyəcək.

Ukrayna Prezidenti ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyasının təsdiq olunmasına dair fərman imzalayıb. Milli təhlükəsizlik strategiyası dövlət siyasətinin əsas istiqamətlərini, Ukraynanın milli maraqlarının prioritetlərini, başlıca hədəflərini müəyyənləşdirir. Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Litva daha bir neçə ölkə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşlarıdır. Rəsmi Kiyev rəsmi Bakı ilə əlaqələrə böyük önəm verir və Azərbaycanı strateji tərəfdaş saymasını bəyan etməsi də bunu göstərir. Ukrayna prezidenti Cənubi Qafqaz ölkələri arasında ancaq Azərbaycana səfər edib. Vətən müharibəsində bizə Ukrayna daha çox dəstək verdi. Ukrayna XİN-in bəyanatında Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulandı, BMT-nin dörd qətnaməsi xatırladıldı. Ukrayna və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrdə qarşılıqlı səfərlər, iki ölkə arasında əməkdaşlığın inkişaf strategiyası, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Qeyd olunub ki, Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə arasında müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesindəki əməkdaşlıq daha da dərinləşdirilməlidir.

Belə yüksək formatlı əlaqələr ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət edəcək, bu siyasi məsləhətləşmələr əməkdaşlığın yeni mərhələsinə töhfə verəcəkdir.

Mustafa KAMAL,

“Respublika”.