Payız şumu bərəkətli olar
Region

Payız şumu bərəkətli olar

Əkinçi yenə sahədədir. Səhərdən axşamadək torpaqla əlləşir. Şum sürür, sahəni əkinə hazırlayır, toxum səpir, gələn ilin bol məhsulunun əsasını qoyur.  Havaların əlverişli keçən günlərindən maksimum səmərə ilə istifadə edir, səpini vaxtında başa çatdırmağa tələsir. Bir sözlə, əkinçinin payız qayğıları çoxdur.

Xaçmaz rayonunun Aşağı Zeyid kəndində yerləşən Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin əkin sahəsindəyik. Burada payız  əkini kampaniyasının sürətlə həyata keçirildiyinin şahidi oluruq. Ucu-bucağı görünməyən  şumlanmış qapqara sahənin başına fırlanan şum traktorları sürətlə  işləyir. Sahənin kənarında həmsöhbətim olan təsərrüfatın direktoru İmamhüseyn Şirinov builki payız əkini barədə danışaraq deyir ki, bu payız təsərrüfatımızda 800 hektarda taxıl səpini aparılacaqdır. Hazırda sahələrdə 8 ədəd şum traktoru, bir o qədər də aqreqat işləyir. İndiyə kimi 200 hektara toxum səpmişik. Səpilən  toxumlar əsasən "Qobustan", "Alekseyiç", "Murov" buğda, "Ramata" arpa sortlarından ibarətdir. Havalar yaxşı keçsə, noyabrın 15-ə kimi səpini başa çatdıra bilərik.

Müəssisənin direktoru bir qədər də builki məhsul istehsalından danışdı. Bildirdi ki, bu il 514 hektar sahədə biçin işləri aparılıb. 1548 ton taxıl istehsal etmişik. Məlum olduğu kimi, müəssisəmiz taxıl toxumçuluğu üzrə ixtisaslaşıb. Taxıl yetişdirən fermerlərə satmaq üçün 994 ton 560 kiloqram toxum tədarük etmişik. Bunun 240 ton 800 kiloqramı "Elit", 753 ton 760 kiloqramı isə "R-1", "R-2" yüksək  kondisiyalı buğda, arpa toxumlarıdır. Səpin aparmaqla bərabər, müəssisəmiz tərəfindən həmin toxumların fermerlərə satışı da təşkil edilmişdir.

Hacılar kəndində yaşayan Habil Məmmədov taxılçılıqla məşğul olan nümunəvi fermer təsərrüfatlarından birinə rəhbərlik edir. Fermerə məxsus əkin sahəsindəyik. Burada da qızğın iş gedir. Torpağa gübrə verilir, mala çəkilir, toxum səpilir. H.Məmmədovla yaxından söhbət edirik. O, bildirir ki, torpağı vaxtında şumlamışıq. Atalar misalıdır: Torpağı payız şumla. Payız şumu bərəkətli, məhsuldar  olur. Ötən il 200 hektarda taxıl əkmişəm. Məhsuldarlıq 40 sentnerə yaxın olub. Bu il də 200 hektara qədər şum sürmüşük. Torpağı əkinə vaxtında hazırlamış, şum altına kifayət qədər gübrə vermişik. Hazırda gördüyünüz kimi sahədə 4 traktor səpinlə məşğuldur. Havalar imkan versə, səpini 10-15 gün ərzində başa çatdıra bilərik.

Xaçmaz rayonunda gələn ilin məhsulu üçün 21 min 393 hektarda taxıl əkilməsi planlaşdırılmışdır. Bu məqsədlə 3661 ton toxum tədarük olunub. İndiyə kimi 5 min hektarda səpin aparılıb. Səpini optimal müddətdə başa çatdırmaq üçün sahələrə kifayət qədər şum traktoru və səpin aqreqatları çıxarılıb. Payız əkini kampaniyasında rayonun aqroservisçiləri də yaxından iştirak edir. "Aqrolizinq" ASC-nin Xaçmaz nümayəndəliyi tərəfindən sahələrə taxıl səpini üçün 7 şum traktoru, 3 ədəd toxumsəpən, 3 ədəd diskli, 1 ədəd yüngül mala vuran aqreqat çıxarılıb. Şum altına səpmək üçün fermerlərə güzəştli qaydada 350 tondan çox gübrə satılıb. Payız əkinində "Yalama Aqropark", Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq  Müəssisəsi birincilər sırasındadır. Özəl toxumçular Habil Məmmədov, Qabil İsayev, Vüqar Haqverdiyev isə daha çox fərqlənirlər. Taxıl əkinində heç bir çətinlik yoxdur. Fermerlər kifayət qədər gübrə və texnika ilə təmin olunublar.

Ziyafəddin BAYRAMOV.