Ombudsman “Zəfər yolu” layihəsinin təqdimatında iştirak edib
Sosial həyat

Ombudsman “Zəfər yolu” layihəsinin təqdimatında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Ali Neft Məktəbində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Zəfər bayramının 1-ci ildönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimat mərasimində iştirak edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, təqdimat mərasiminə Bakı Ali Neft Məktəbinin professor, müəllim, tələbə heyəti, şəhid və qazi ailələri, o cümlədən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkilləri, KİV və ictimaiyyət nümayəndələri də qatılıb.  

Tədbirdə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edən “Zəfər yolu” filmi nümayiş etdirilib, “Vətənim Azərbaycandır!” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq qələbəmizin Azərbaycan xalqının tarixində şanlı bir səhifə açdığını, şəhidlərimizin qanı bahasına qazanılan bu zəfərin gənclərimiz tərəfindən qorunmasının vacibliyini vurğulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların gənclərə nümunə olduğunu deyib.

Milli Məclisin vitse-spikeri Adil Əliyev qəhrəmanlıqla dolu zəfər tariximizdən bəhs edərək, gənclərimizi qəhrəmanlardan örnək almağa səsləyib.

“Vətən Müharibəsi Qəhrəmanı”, XTQ baş giziri şəhid Camal İsmayılovun anası Filarə xanım bütün şəhidlərin qəhrəman olduqlarını bildirib, onlarla daima qürur duyduğunu qeyd edib.

Tədbir Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı ilə davam etdirilib.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.