Ölkəmizin enerji potensialı gücləndirilir
İQTİSADİYYAT

Ölkəmizin enerji potensialı gücləndirilir

Tikintisi 2025-ci ildə tamamlanacaq Mingəçevir İstilik Elektrik Stansiyası gələcək layihələrə yol açacaq

"Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, bu yaxın zamanlarda - 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Mingəçevir sənaye rayonudur.  Onun inkişafı burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları obyektlərinin tikintisi ilə bağlı olub. Daha dəqiq desək, Mingəçevir Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmış, 1948-ci il noyabrın 11-də rayon statusu almışdır. Coğrafi cəhətdən respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmış, rayonun şimal-qərbində 3 km məsafədə Mingəçevir Su Anbarı tikilmişdir. 1945-ci ildə Kür çayının Bozdağın arasından keçən yerində böyük Su Elektrik Stansiyasının inşasına başlanmış, stansiya 1954-cü ildə işə salınmışdı. Mingəçevir Su Anbarının nominal hündürlük həddi 83 metr, maksimal hədd isə 85,5 metrdir. Sututumu 16 milyard 300 milyon kubmetrdir. Anbarda suyun mühafizəsi 87 metrə qədər qalxa bilər. Anbara saniyədə 1200 kubmetrə qədər su daxil olur. Bu həcmin 650 kubmetri su elektrik stansiyası vasitəsilə Kür çayına, 125 kubmetri isə Qarabağ və Şirvan kanallarına ötürülür. Anbarda su böhran həddinə çatdıqda qapılar açılır və Kür çayına saniyədə 2 min kubmetrə qədər su buraxılır.

Mingəçevir SES-dən 18 kilometr aşağıda isə Varvara SES-i yerləşir. Həmin SES vasitəsilə 2 milyard kubmetrə yaxın suyun saxlanılmasına imkan var. Bundan başqa, Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası da fəaliyyət göstərir. Stansiyanın tikintisinə 1974-cü ildə başlanmış, 1990-cı ildə tam başa çatdırılmışdır. 8 enerji bloku var ki, onun da hər birinin gücü 300 meqavat olmaqla, stansiyanın ümumi gücü 2400 meqavatdır. Hazırda stansiyada 2400-ə qədər işçi çalışır. İstehsal edilən enerji 5 ədəd 330 kilovoltluq və 1 ədəd 500 kilovoltluq hava xətləri ilə ötürülür.

Mingəçevir Elektrik Stansiyası müstəqilliyimizin ilk ən ağır illərində ölkənin elektrik enerjisilə təchizatında mühüm rol oynayıb. 2018-ci ildə stansiyada yenidənqurma işlərinə başlanılmış, qısa müddətdə 8 blok tamamilə yenilənmişdir. 2020-ci ildə tam gücü ilə işə salınan stansiyada bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güc bərpa edilmiş, bu da özlüyündə yeni bir böyük stansiyanın tikilməsinə zəmin yaratmışdır.

Yeni tikiləcək stansiya Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, ölkənin enerjiyə olan daxili tələbatını ödəməklə, eyni zamanda ildə təqribən 800 milyon, yaxud 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu gün Avropa məkanında Azərbaycan qazına tələbatın artdığı bir məqamda qənaət edilən qaz qitənin enerji təhlükəsizliyinə də töhfə sayıla bilər.

Belə ki, Avropa qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra ölkədə əlavə imkanların yaradılması istiqamətində işlər daha da fəallaşdırılıb. İtkilərin azaldılması, o cümlədən elektrik enerjisi və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində iş aparılır. Elə Mingəçevirdə yeni elektrik stansiyasının tikintisi də qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə həm də onun ətraf mühitə böyük faydası olacaqdır.

Ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq ki, bu da vaxtilə eyni böyüklükdə olan stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə azdır. Bu, eyni zamanda stansiyanın Azərbaycanın daxili resursları çərçivəsində inşa edilməsilə bağlıdır.

Doğrudur, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda da bərpaolunan enerjiyə daha böyük üstünlük verilir ki, bu sahədə də müəyyən uğurlara imza atılıb. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Bu gün Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavat, quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır. Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkətilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Bununla yanaşı, ənənəvi resursların, stansiyaların faydası da az deyil.

Onu da qeyd edək ki, yeni stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Tikintidə İtaliyanın "Ansaldo" şirkəti iştirak edəcək və bu məqsədlə "Azərenerji" ilə "Ansaldo" arasında İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra müqavilə imzalanmışdır.

Ümumiyyətlə, Azərbaycanda elektroenergetika sahəsi sürətlə inkişaf edir. Son 20 ildə ölkədə 34 elektrik stansiyası inşa edilib ki, bu stansiyaların da generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Ölkənin ümumi generasiya gücü isə 7200 meqavatdır. Bu sahənin prioritet seçilməsi hər şeydən öncə, ölkənin enerji təhlükəsizliyini, iqtisadiyyatın və sənayenin inkişafını təmin etməyə şərait yaradıb. Təməli yeni qoyulan və inşasının 2025-ci ildə tamamlanması nəzərdə tutulan stansiya ölkənin enerji potensialını gücləndirməyə xidmət edəcək.

Yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində dövlət başçısının dediyi kimi: "Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır".

Zümrüd QURBANQIZI,

"Respublika".