Ölkəmizdə insan hüquq və azadlıqları qorunur
Digər xəbərlər

Ölkəmizdə insan hüquq və azadlıqları qorunur

Dekabr ayının 8-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa  keçirilib.

Tədbir son bir ildə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilmiş hüquqi aktları və görülmüş işləri, Mərkəzin və İnstitutun İnsan hüquqlarının müdafiəsi sahəsində rolunu və müxtəlif tərəfdaşların bu sahədə təcrübəsini müzakirə etmək məqsədilə təşkil olunmuşdur.

Mərkəzin icraçı direktoru Samir Mahmudov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın müstəqilliyi dövründə ulu öndər Heydər Əliyevin  dövlət siyasətində müəyyən etdiyi əsas istiqamətlərdən olan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş çoxsaylı institusional və qanunvericilik tədbirlərindən danışmış, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunduğunu bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, ölkə vətəndaşlarının bütün hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması istiqamətində məqsədyönlü tədbirlərin gerçəkləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilir.  Prezident İlham Əliyevin fərmanı ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması dövlət başçımızın hüquqi islahatlara, qanunvericiliyimizin inkişafına, o cümlədən insan hüquqlarının müdafiəsinə diqqətinin bariz nümunəsidir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İnsan Hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev Azərbaycanda insan hüquqları sahəsində ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirmişdir. 

İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə isə çıxışında 2022-ci ildə Azərbaycan Respublikasında insan hüquqları ilə bağlı qəbul edilən əsas qanunvericilik aktları barədə geniş məlumat vermişdir. O, sosial təminat, sağlamlığın qorunması və azad sahibkarlıq, təhsil hüququ, eyni zamanda yaradıcılıq azadlığı, sülh, təhlükəsizlik, inkişaf və keçmiş məcburi köçkünlərin hüquqları və başqa sahələrdə qəbul olunmuş qanunları diqqətə çatdırmışdır.

Qeyd edək ki, dekabr ayında Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs tərəfindən müxtəlif universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin arasında 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş müsabiqə elan edilmişdir. Müsabiqədə BDU-nun hüquq fakültəsinin 3 tələbəsi, jurnalistika fakültəsinin isə 4 tələbəsi ən yüksək nəticə göstərmişdir. Qaliblər tədbir zamanı institut rəhbərliyi tərəfindən sertifikatlar və mükafatlarla təltif edilmişlər.

Tədbirdə, eyni zamanda dövlət qurumları və komitə əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının üzvləri, həmçinin müsabiqə qalibləri və media nümayəndələri də iştirak etmişlər.

Ramidə YAQUBQIZI. 

"Respublika".