Ölkəmizdə dəniz nəqliyyatı təkmilləşdirilir
Digər xəbərlər

Ölkəmizdə dəniz nəqliyyatı təkmilləşdirilir

25 SENTYABR  DÜNYA DƏNİZÇİLİK GÜNÜDÜR

Birləşmiş Millətlər Təşkilatında beynəlxalq bayramlardan biri olan Dünya Dənizçilik Günü 1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib və 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.

Dünya Dənizçilik Gününün məqsədi dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.

Azərbaycanda dənizçilik sahəsinin şanlı tarixi var və bu tarixin yazılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, ölkəmizdə dənizçiliyin inkişafına birbaşa və həlledici təsirləri olan "Əsrin müqaviləsi" neft sazişi, Böyük İpək Yolunun bərpası və Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz ümummilli liderin adı ilə bağlıdır.

Bu gün dənizçilik sahəsi yeni inkişaf mərhələsindədir. Bu baxımdan 2013-cü ildən bu günə kimi Xəzər Dəniz Donanmasına 20-dən çox yeni gəminin alınması, müasir gəmilər inşa edən Bakı Gəmiqayırma Zavodunun inşası, Xəzər dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınması bu mərhələnin bariz nümunələri kimi göstərilib.

Respublikamızda dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı məqsədilə 2021-ci ilin oktyabr ayında Prezidentin müvafiq Fərmanı ilə Dövlət Dəniz və Liman Agentliyi yaradıldıqdan sonra bir sıra mühüm islahatlardan həyata keçirilib.

Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemində atdığı addımlar, xüsusilə dənizçilərə diplomların (sertifikatlar) verilməsi prosesinin sadələşdirilməsi, qurumun Beynəlxalq Dəniz Təşkilatının 2022-ci il auditindən uğurla keçməsi və dənizçilərin hazırlığı sisteminin Beynəlxalq Dəniz Təşkilatının "Ağ siyahı"sında yer alması Azərbaycan dənizçiləri üçün böyük uğurdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında formalaşıb.

Respublika Prezidenti İlham Əliyevin tapşırıqlarına və qəbul olunan qərarlara uyğun olaraq agentlik tərəfindən dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə bir sıra işlər görülüb. Sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kranoperatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilir.

Müdavimlərin təlim-tədris mərkəzlərində hazırlıq kurslarını bitirməsi haqqında müvafiq sənədləri əsasında onlara Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın II/4-cü, III/4-cü, III/7-ci qaydalarının tələblərinə uyğun olaraq və milli qanunvericiliyə əsasən dənizçi vəzifələri üzrə sertifikatlar (diplomlar) veriləcək.

Məlumat üçün qeyd edək ki, bu islahata qədər sıravi heyət ixtisasları üzrə hazırlığı bitirən şəxslər ilk dəfə sertifikat (diplom) almaq üçün Dövlət Dəniz və Liman Agentliyində təşkil olunan test imtahanlarında iştirak etməli idilər. İslahatlar çərçivəsində daha öncə komandir heyəti üzvləri eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün təkmilləşdirmə kurslarını bitirdikdən sonra agentlikdə keçirilən imtahanlardan azad edilmişdi. Eyni zamanda imtahan prosesinin və suallarının təkmilləşdirilməsi üçün agentlikdə ekspert komissiyasının yaradılmasına dair qərar qəbul edilib.

Dövlət Dəniz və Liman Agentliyində xidmətlərin elektronlaşdırılması siyasətinin tərkib hissəsi kimi dənizçilərin rahatlığının təmin edilməsi üçün onlayn növbə sistemi yaradılıb. Dənizçilər artıq növbələrini onlayn sistem vasitəsilə əldə edə bilərlər. Bunun üçün dənizçilər müvafiq qaydaya uyğun olaraq agentliyin rəsmi www.ardda.gov.az saytına daxil olmalı, onlayn növbə bölümünü seçməli və uyğun tarix və saatı daxil edərək qeydiyyatdan keçib, növbə əldə etməlidirlər.

Bu əməliyyatları yerinə yetirdikdən sonra dənizçinin sistemə daxil etdiyi mobil telefon nömrəsinə növbə barədə təsdiq mesajı göndəriləcək. Yeni onlayn sistem aşağıda qeyd olunmuş müraciətlər üzrə aparılacaq: Diplomun alınması, dənizçi pasportunun verilməsi və diplomun yenilənməsi.

TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşkilatının Baş katibi Aset Asavbayev və TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovdan ibarət nümayəndə heyəti ilə TRASEKA-nın Azərbaycan və region ölkələri üçün əhəmiyyəti, sözügedən platforma çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycanın TRASEKA-nın Hökumətlərarası Komissiyasına sədrlik etdiyi iki il ərzində görülən işlər təhlil edilib.

Həmçinin TRASEKA nəqliyyat dəhlizi üzrə təhlükəsiz, etibarlı və effektiv nəqliyyat əməliyyatlarının təmin olunması, dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb. TRASEKA nəqliyyat dəhlizi üzrə konteyner daşımalarının inkişafı, TRASEKA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulub.

Agentliyin dənizçilərin hazırlığı sistemi Beynəlxalq Dəniz Təşkilatının (BDT) auditindən uğurla keçib. Yoxlamaları 2022-ci ilin yanvar-aprel aylarında BDT-nin rəsmi auditorları aparıblar. Yoxlama zamanı dənizçilərin hazırlanması və sertifikatlaşdırılması prosesinin BDT-nin "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyasının tələblərinə uyğunlaşdırılması məqsədilə görülmüş tədbirlər və müvafiq normativ hüquqi sənədlər təhlil edilib.

Auditin nəticələrinə əsasən, Dövlət Dəniz və Liman Agentliyinin beynəlxalq konvensiyanın tələblərini tam şəkildə yerinə yetirdiyi haqqında Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qərar qəbul edilib. Dənizçilərin hazırlığı sahəsində Azərbaycanın BDT-nin "Ağ siyahı"sında yer alması barədə məlumatın təşkilatın bütün üzv dövlətlərinə ötürülməsinə dair tapşırıq verilib. Auditin uğurla tamamlanması Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərə verdiyi diplom və sertifikatların Beynəlxalq Dəniz Təşkilatının üzvü olan 175 dövlət tərəfindən tanınmasını ifadə edir. Bu dənizçilərimizin bilik, bacarıq və peşəkarlığına olan etimadı artırır, Azərbaycan dənizçiləri üçün xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə işlə təmin olunmaq baxımından geniş imkanlar yaradır. Eyni zamanda gəmilərin xarici limanlara yan alması zamanı dənizçilərimizin sənədlərinin rəsmiləşdirilməsi prosesini asanlaşdırır. Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatı bu auditi beş ildən bir keçirir.

Dövlət Dəniz və Liman Agentliyi ölkəmizin müvafiq sahədə qoşulduğu beynəlxalq müqavilələrin, o cümlədən "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi istiqamətində kompleks tədbirləri davam etdirir.

Beynəlxalq Dəniz Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi və digər təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb və hər iki ölkənin dəniz nəqliyyatı qurumları arasında əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə saziş layihəsinin razılaşdırılması üzrə işlərin başlanmasına dair razılığa gəlinib.

Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, hərbi-texniki və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi, dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsindən məmnunluq ifadə edilib. Limanlar, yükaşırma terminalları, yanalma körpülərinin inşası üzrə ehtiyacların müəyyən edilməsi və bu sahədə İsrail təcrübəsinin ölkəmizdə tətbiqi nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, hazırkı regional geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin əhəmiyyətinin artmasına toxunulub. Bundan başqa, Dövlət Dəniz və Liman Agentliyi ilə İsrailin Gəmiçilik və Limanlar Administrasiyası arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlıq edilməsi barədə razılığa gəlinib.

Azərbaycanın milli dəniz nəqliyyatı strategiyasının, eləcə də "Yaşıl Səfər 2050" layihəsi çərçivəsində ölkəmizin milli fəaliyyət planının hazırlanması, dövlət liman və bayraq nəzarəti müfəttişləri, gəmilərin hərəkətini idarəetmə sisteminin operatorları və bələdçilərin təlimi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının agentliyə dəstək göstərməsi nəzərdə tutulub.

Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində təşkil olunan "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə" mövzusunda təlimlər yekunlaşıb. "Amerika Dəniz Gəmiçilik Bürosu" tərəfindən həyata keçirilən təlimlərin sonunda işçi heyəti təlim mövzusu üzrə sertifikasiya imtahanında iştirak ediblər. Bağlanış tədbirində imtahanı uğurla başa vurmuş əməkdaşlar Amerika Dəniz Gəmiçilik Bürosu və Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sertifikatlarla təltif olunublar. 3 gün davam edən təlim proqramı ərzində əməkdaşlar "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin (ISM Code) tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumatlar əldə edərək, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda öz bilik və bacarıqlarını təkmilləşdiriblər.

Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların tənzimlənməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində "Vahid Pəncərə" sisteminin tətbiqi müzakirə nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi, liman və bayraq nəzarəti müfəttişləri və gəmi hərəkətinin idarə edilməsi sisteminin operatorları üçün təlimlərin keçirilməsinə dair razılığ əldə olunub.

Agentliyin nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı limanların tənzimlənməsi, limanlara nəzarət, dövlət bayraq və liman nəzarəti üzrə yoxlamalar, gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işinin təşkili, gəmi qeydiyyatı, dənizçilərə sənədlərin verilməsi, dənizçilərin hazırlığı, müvafiq sahə üzrə tətbiq edilən "Vahid Pəncərə" sistemi müzakirə olunub. İkitərəfli görüşdə dəniz naviqasiya avadanlıqları və mayaklar, gəmilərin hərəkətini idarəetmə xidmətinin fəaliyyətinin təşkili, gəmilərdə avtomatik identifikasiya sistemi, gəmilərin uzaq məsafədən tanınması və izlənilməsi, dəniz üzgüçülüyünün təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda gəmilərin hərəkətini idarəetmə sisteminin operatorları üçün təlimlərin keçirilməsi və müvafiq sahə üzrə təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə edilib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dəniz nəqliyyatının inkişafı üçün həyata keçirilən məqsədyönlü islahatlar öz müsbət bəhrəsini verməkdədir. Dövlət Dəniz və Liman Agentliyi dövlət qayğısına uyğun olaraq dəniz nəqliyyatı sahəsinə gətirdiyi yenilikləri davam etdirməklə fəaliyyətini durmadan təkmilləşdirməyə çalışır.

M.NƏRİMANOĞLU,

"Respublika".