Niderland Krallığının ölkəmizdəki səfiri Biləsuvar rayonunda olub
Region

Niderland Krallığının ölkəmizdəki səfiri Biləsuvar rayonunda olub

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayona səfər edən Niderland Krallığının ölkəmizdəki səfiri xanım Pauline Eizeman ilə görüş keçirdi. Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ailə, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti və digər qonaqlar da iştirak etdilər.

Rayon icra hakimiyyətində tanışlıq məqsədilə keçirilən tədbirdən sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin benefisiarları ilə görüş keçirdilər.

Görüş zamanı bildirildi ki, bu layihə BMT İnkişaf Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir. Layihənin məqsədi qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir. 2020-ci ilin noyabr ayından bu günə kimi Niderland Krallığının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının və Dövlət Komitəsinin birgə icra etdiyi “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Biləsuvarda yaşayan 96 qadın CV yazma və təqdimat bacarıqları, QHT-lərin idarə edilməsi, kompüter bacarıqları, marketinq, brendləşmə və satış bacarıqları üzrə təlimlərdə iştirak ediblər. Təlimləri başa vuran 11 qadın tərtib etdiyi biznes planına əsasən lazımi avadanlıqlarla təmin edilib.

Birgə səylər xüsusi olaraq rayon və kənd qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi, işgüzar əlaqələr və şəbəkələrin vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Tədbirdə çıxış edənlər layihənin vacibliyini qeyd edərək, qadınların biznes bacarıqlarının dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra qonaqlar Biləsuvar rayonunda son bir il ərzində kənd qadınlarının qurduğu kiçik bizneslərlə tanış olublar.

Ərəstun ABDULOV,

“Respublika”.