Nensi Pelosinin saxta göz yaşları
Digər xəbərlər

Nensi Pelosinin saxta göz yaşları

Onun əsassız açıqlamaları regionda sülhün yaradılmasına deyil, əksinə, gərginliyin artmasına xidmət edir

ABŞ -ı çoxları qüdrətli və dünyanın əsas aparıcı gücü sayırlar. Bu baxımdan, ölkəni idarə edənlərdən də ədalətli davranışın gözlənilməsi təbiidir. Ancaq baş verənlər bu gücün təmsilçilərinin heç də həmişə ədalətin və haqqın yanında olmadıqlarını təsdiqləyir. Onlardan biri də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosidir. Onun Ermənistana səfəri yekunlaşıb. "18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

XİN-dən verilən məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Görünür N.Pelosi bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.

Qafqaza səfər, spikerin ötən ay Tayvana mübahisəli səfərindən sonra baş verir və noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri ərəfəsində Pelosi dünyada insan hüquqları müdafiəçisi rolunu möhkəmləndirmək istəyir, sosial mediadakı bəzi şərhlərdə bu fikri görmək olar. Səfər heç də birmənalı qarşılanmadı. Belə ki, bu barədə verilən məlumatlara görə, səfər regionda yeni siyasi mənzərənin yaranması deməkdir. Bu, heç də Ermənistanın xeyrinə deyil. Qeyd olunur ki, rəsmi İrəvanın bu qəfil demarşının arxasında yatan mətləblər əvvəl-axır onun üçün başağrısına çevriləcək. Bu, baş verəcəyi təqdirdə Ermənistan öz dövlət müstəqilliyini itirə bilər. Çünki öz müttəfiqinə xəyanət etməsi Ermənistanın regional proseslərdən kənarda qalmasını və təklənməsini sürətləndirəcək. Pelosinin səfəri isə Ermənistanda Rusiyaya qarşı yönələn kütləvi narazılıq və imtina kampaniyasının məntiqi nəticəsi idi. Pelosi ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfərində bütün diplomatik çərçivələri aşan iddiaları bir daha bunu göstərir. ABŞ Konqresində ermənipərəst və erməni lobbisinin təsiri altında olan çoxlu senatorların olduğunu bilirik. Orada orta dövr seçkilər yaxınlaşır və erməni lobbisinin dəstəyini qazanmaq üçün Pelosinin səfəri, etdiyi açıqlamalar onlara lazım idi. Artıq 85 yaşı olan Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Bu, həmçinin erməni lobbisinin qonorarları və maddi yardımlarına hesablanan açıqlamalardır. Pelosinin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi, süni göz yaşları tökməsi, regionda baş verən prosesləri düzgün qiymətləndirməməsinin təsdiqidir.

Ən əsası budur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər bölgədəki reallıqları kobud və qərəzli şəkildə təhrif etməklə yanaşı, Cənubi Qafqazdə davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədaləti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür. İrəvanda Ermənistanın ərazi bütövlüyü ilə bağlı ikrah doğuran, Cənubi Qafqazdakı reallıqlardan məlumatlı olmayan insanların hisslərinə təsir göstərmək məqsədi daşıyan saxta sentimental-emosional jestlərin müşayiəti ilə bəyanatlar verən Nensi Pelosinin 30 ilə yaxın zaman kəsiyində işğal altında olan Azərbaycan ərazilərinə münasibətdə təcavüzkara dəstək verməsini hər kəs xatırlayır. Pelosi azərbaycanlılar soyqırımına məruz qalanda, evləri, yurd yerləri, ziyarətgah və ibadətgahları, doğmalarının məzarları dağıdılanda da ermənilərin, yəni müharibə cinayətkarlarının, uşaq və qadın qatillərinin, terrorçuların, vandalların yanında idi və bəlkə də ultramillətci ermənilərin, daşnak və "Qncak"çıların, ASALA terrorçularının azərbaycanlıları yer üzərindən silmək planlarına ən müxtəlif yollarla əməli dəstək verirdi. Çünki belələri üçün bəşəri dəyərlər, humanizm prinsipləri yalnız öz maraqları tələb edəndə yada düşür. N.Pelosinin indiki halda yırtıcılara "məzlum" donu geyindirmək niyyəti güdən saxta göz yaşlarının nə zamansa dünyanın müxtəlif ölkələrində icra olunan müharibə ssenarilərin qurbanı olan günahsız insanlar, körpələr və qadınlar üçün axdığının şahidi olmamışıq.

Onu da xüsusi qeyd etmək lazımdır ki, ədalətdən dəm vuran Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın vandallıqlarla, məsuliyyət daşıdığı digər bu kimi ağır hərbi cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib. Onun Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə zərbədir. Bu kimi birtərfli mövqe və verilən əsassız, saxta, yalan dolu açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə, gərginliyin artmasına xidmət edir.

Mustafa KAMAL,

"Respublika".