Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın növbəti diplomatik uğuru
Siyasət

Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın növbəti diplomatik uğuru

Son zamanlar məlum geosiyasi gərginliklər fonunda Avropada və bütün dünyada dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi heç vaxt olmadığı qədər artıb. Hazırda enerji təhlükəsizliyi nəinki yalnız kiçik və resursları az olan ölkələr, həmçinin geniş iqtisadi və maliyyə imkanlarına malik olan dövlətlər üçün də təhdidlər yaradır. O cümlədən enerji təhlükəsizliyi ənənəvi və genişlənmiş Avropa üçün böyük aktuallıq daşıyır. Bütün bu reallıqlar nəzərə alınmaqla enerji təhlükəsizliyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müxtəlif aspektlərdən dəyərləndirilib.

Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, enerji təhlükəsizliyi və Cənubi Qafqazda təhlükəsizlik mövzusuna həsr olunmuş tədbirlərdə məzmunlu çıxışı, ikitərəfli görüşlər keçirməsi Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyib. Münxen Təhlükəsizlik Konfransı həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün bir sıra mühüm məqamlarla yadda qalıb. Konfrans çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavablar, həmçinin həm xarici, həm də yerli mətbuata müsahibələr postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb. Tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri eyni zamanda bir platformada görüşdülər. Bu görüşdə Azərbaycan öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcəyini bir daha təsdiqlədi. Bu fikirləri açıqlamasında politoloq Bilgehan Öztürk bildirib. O deyib: "Konfransda İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb, beynəlxalq hüququ pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib və ona qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyib. Artıq dəfn edilmiş Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmətlə yanaşmasını gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Azərbaycan sonda onun dondurulmadığını bütün dünyaya sübut etdi''.

Cənubi Qafqazda sülh və təhlükəsizlik beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş də bunu sübut edib. Görüşdən sonra Prezident İlham Əliyevin jurnalistlərə açıqlamasından aydın olub ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu diqqət mərkəzindədir. Burada ən vacib məsələ Bakının qəti şəkildə sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinə diqqəti yönəltməsidir. Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.

Bilgehan Öztürk bildirib ki, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe Azərbaycanın beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi. İlham Əliyevin Münxen Konfransı çərçivəsində keçirilən "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirakı da Azərbaycan liderinin beynəlxalq nüfuzunun nümayişi oldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi bütün dünyada böyük hörmətə sahibdir. Reallıq budur ki, Azərbaycanın enerji diplomatiyası nə qədər uğurlu olarsa, ölkənin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.

Laçın-Xankəndi yolundakı vəziyyətə  münasibət bildirən politoloq qeyd edib ki, Ermənistan uzun müddətdir ki, yolun bağlı olması haqqında beynəlxalq ictimaiyyətə yalan məlumatlar verir və yanlış olaraq düşünür ki, ayrı-ayrı dövlətlərin və beynəlxaq təşkilatların təzyiqi ilə Azərbaycan öz haqlı tələblərindən əl çəkəcək. Konfransdakı panel müzakirələrdə və eləcə də Blinkenlə görüşdə Paşinyanın guya Laçın yolunda ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışması, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərinə yıxması əsl erməni xisləti idi və təbii ki, bu da Prezident İlham Əliyev tərəfindən cavabsız qalmadı. Ölkə başçısı konkret faktlarla Laçın yolunun bağlı olmaması, Rusiya sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini Blinkenin də nəzərinə çatdırdı. Bununla da növbəti dəfə ermənilərin ağ yalanları ifşa olundu.

Bilgehan Öztürk onu da vurğulayıb ki, Fransa Münxen Təhlükəsizlik Konfransında yenə də ikili siyasət xəttinə sadiq qaldı. Belə ki, Emmanuel Makron Nikol Paşinyanın timsalında Ermənistanın yanında olduğunu bəyan etdi. Xatırlatmaq yerinə düşər ki, Fransa bir tərəfdən də Azərbaycan ilə Ermənistan arasında vasitəçi olmaq istəyirdi. Aydın məsələdir ki, bu cür qərəzli davranışla sülh prosesinə töhfə vermək mümkün deyil. Deməli, Fransanın əsas məqsədi dövlətlərarası münasibətləri tənzimləmək yox, öz mənafeyinə uyğun olaraq Cənubi Qafqazda möhkəmlənməkdir.

Bütövlükdə, bu mühüm platforma çərçivəsində Azərbaycanın dövlət maraqları cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə qorundu. Münxen Təhlükəsizlik Konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli və vacib fürsət oldu.

Hazırladı:

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.