Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə təbrik məktubu ünvanlayıb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə təbrik məktubu ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.

Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün Türkiyə Respublikasının əldə etdiyi nailiyyətlər məmnunluq hissi doğurur və həyata keçirilən böyük işlər qardaş xalqımızın rifahına xidmət etməklə yanaşı, qardaş ölkənin siyasi, iqtisadi, texnoloji və digər sahələrdə hərtərəfli inkişafını təmin edir.

Milli Məclisin sədri vurğulayıb ki, "Bir millət, iki dövlət" prinsipinə əsaslanan qardaşlıq və dostluqdan qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri gündən-günə genişlənməkdə və möhkəmlənməkdədir. Hazırda özünün ən yüksək zirvəsində olan bu münasibətlər sülhə, sabitliyə və tərəqqiyə töhfə verir. Dövlətlərarası münasibətlərimizin bütün sahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində də Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi uğurla davam edir.

Məktubda belə bir inam ifadə olunub ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı naminə birgə səylər davam etdiriləcək.

Məktubun sonunda Sahibə Qafarova belə bir əlamətdar gündə qardaş Türkiyə xalqına daimi sülh və firavanlıq diləyib.

AZƏRTAC