Məqsəd idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, müasir çağırışlara adekvatlığı təmin etməkdir
SİYASƏT

Məqsəd idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, müasir çağırışlara adekvatlığı təmin etməkdir

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

"Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bu gün dünyada beynəlxalq əməkdaşlığa töhfə verən, etibarlı tərəfdaş olaraq qəbul edilən müstəqil Azərbaycan həyatın bütün sahələrində tərəqqi dövrünü yaşayır. Bu inkişafın, tərəqqinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, onun sayəsində müstəqil ölkəmizin bugünkü reallıqlarına zəmin yaradılmışdır. Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ulu öndərin ölkəyə rəhbərliyinin ideya-siyasi istiqamətinin ana xəttini təşkil etmiş, müstəqilliyin bərpasının ilk illərində hakimiyyətə yenidən qayıdan ümummilli lider bütün fəaliyyətini milli ruhun inkişafına, milli şüurun yüksəlişinə xidmətə həsr etmişdir.

Dövlətin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi dövlət orqanlarının səmərəli fəaliyyətindən və eyni zamanda, dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu baxımdan, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə cəmiyyət həyatının bir çox sahələrində, o cümlədən dövlət qulluğu sahəsində islahatların aparılmasına ciddi zərurət yaranmışdı. Ulu öndər xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövlət idarələrində işləmək üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə həyata keçirdi. Müdrik rəhbərin idarəçilik metodu, dövlətə xidmətdə üstünlük verdiyi meyarlar dövlət qulluqçularında məsuliyyəti, dövlət strukturlarında şəffaflığı gücləndirdi. Dövlətə sədaqətlə xidmət edən, onun möhkəmləndirilməsinə, inkişafına çalışan dövlət qulluqçuları mükafatlandırıldığı kimi, qulluq səlahiyyətlərini aşan, ictimaiyyət arasında haqlı narazılıqlar yaradan hərəkətlərə yol verən məmurlar isə bu sahədən uzaqlaşdırıldı. Bütün ömrü boyu xalqına, dövlətinə sədaqətlə xidmət edən dahi rəhbər hər bir məmurdan "dövlət xalq üçündür" prinsipi ilə işləməyi tələb edirdi. Dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin etik davranış qaydalarına ciddi əməl edilməklə, bürokratik əngəllərə yol vermədən, şəffaflıq təmin edilməklə həyata keçirilməsi qarşıda əsas vəzifə kimi qoyulmuş və bununla da dövlət qulluğunun müasir konsepsiyası formalaşdırılmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir. Qanunda dövlət qulluğu sahəsində açıqlıq, şəffaflıq və müsabiqə əsasında işə qəbul baxımından beynəlxalq standartlara uyğun qaydaların tətbiqi də nəzərdə tutulmuşdur. Qüvvəyə mindikdən sonra qanuna müxtəlif əlavə və dəyişikliklər edilmiş, ümumilikdə dövlət sahəsinə aid, o cümlədən dövlət qulluğunu tənzimləyən 90-a qədər əsas və ikinci dərəcəli qanunvericilik mətni hazırlanaraq "Dövlət qulluğu haqqında" Qanuna uyğunlaşdırılmışdır. Ötən dövr ərzində dövlət qulluğu sahəsində möhkəm qanunvericilik bazası yaradılmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm işlər görülmüşdür.

"Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik" prinsipini fəaliyyətinin əsas istiqaməti olaraq müəyyənləşdirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə söz sahibinə çevrilib. Son illər əldə olunan nailiyyətlər dövlət quruculuğu sahəsində aparılan düzgün siyasətin təzahürüdür. Dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm Dövlət proqramları təsdiq olunmuş, mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır. Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, təşkilatçılıq və yüksək texnologiyalardan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların seçilib irəli çəkilməsinə böyük zəmin yaratmışdır.

Təsadüfi deyil ki, bu gün dövlət qulluğu sahəsində xidmət edən vətəndaşların sırası daha da genişləndirilərək bütün yaş hədlərini əhatə edir. Bu isə həmin sahədə qazanılan təcrübənin tətbiq edilməsinə və daha da təkmilləşdirilməsinə imkan verir. Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi daxili və xarici siyasətin təməlində ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və bu kontekstdə vətəndaş məmnunluğu dayanır ki, bu da dövlət strukturlarında çalışan, xalqa xidmət edən dövlət məmurlarından öz işində ilk növbədə dürüst olmağı, şəffaflığın təmin olunmasını tələb edir. Dövlət Statistika Komitəsinin bu il yanvar ayının 1-nə olan məlumatına əsasən 40-44 yaş arası vətəndaşlardan 3257 nəfər, 45-49 yaş arası 2483 nəfər, 50-54 yaş arası 2323 nəfər, 55-59 yaş arası 2777 nəfər, 60-64 yaş arası 2563 nəfər, 65-dən yuxarı yaşda isə 428 nəfər dövlət qulluğunda çalışır. Bu da özlüyündə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə aparılan əsaslı islahatların göstəricisidir.

Bu gün ölkə başçısının göstərişi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin bir qolunu isə dövlət orqanlarında məsul vəzifələrə gənc kadrların təyinatı təşkil edir. Bilikli, dünyagörüşlü gənclərin dövlət idarələrində məsul vəzifələrə irəli çəkilməsi dövlət idarəetməsində mövcud çatışmazlıqların daha səmərəli şəkildə aradan qaldırılmasına təminat verir. Bu baxımdan, ölkə üzrə 26700 nəfər dövlət qulluqçusundan 667 nəfərin 25 yaşadək, 3551 nəfərin 25-29 yaş, 4619 nəfərin 30-34 yaş, 4032 nəfərin isə 35-39 yaş arasında olan gənclərin təşkil etməsi dövlət rəhbərinin Azərbaycan gənclərinə etimadının, inamının ifadəsidir.

Respublikamızda aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Dövlət başçısının apardığı bu islahatlar həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsi, eyni zamanda idarəçilik modelinə gətirilən yenilikdir. Bütün sahələr kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi ölkə başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu baxımdan, dövlət idarəetmə orqanlarında çalışan qulluqçuların bu sahədə təcrübə qazanması vacib şərtdir. Belə ki, bu gün dövlət qulluğunda xidmət edən 1869 nəfərin 1 il iş təcrübəsi olduğu halda, 6168 nəfərin 1 ildən 5 ilə qədər, 6915 nəfərin 5 ildən 10 ilə qədər, 4592 nəfərin 10 ildən 15 ilədək, 7156 nəfərin 15 ildən çox iş təcrübəsinə malik olması ölkədə bu sahə üzrə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, bunun fonunda isə peşəkar kadr korpusunun formalaşmasının göstəricisidir. Ən önəmlisi isə respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulur. Ölkə başçısı İlham Əliyevin daxili siyasətində dövlət xidmətləri sahəsində vətəndaş məmnunluğunun xüsusi önəm daşıması, vətəndaş rifahına yönəlmiş peşəkar dövlət qulluğunun təmin edilməsi cəmiyyətə, xalqa dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.

Mehparə ƏLİYEVA,

"Respublika".