Siyasət

"Daşaltı əməliyyatı"ndan 31 il ötür

25 yanvar 1992-ci il axşam saatlarından başlanan Daşaltı əməliyyatı hələ də öz aktuallığını və müəmmalı vəziyyətini əhəmiyyətli şəkildə saxlayır. Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 31 il ötür. Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-dən 26-dək davam edib.

Daşaltı kəndi Şuşa qalasının cənub ətəyindəki dərədə, Cıdır düzündən aşağıya enən sıldırımın yamacında qərarlaşıb. Yəni Daşaltı kəndi Şuşaya gedən yolun üzərində yerləşir. Bu kənd "Daşaltı əməliyyatı"nın keçirildiyi yerdir.

Qeyd edək ki, 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Belə ki, Ermənistan ordusu Şuşa-Laçın magistralının kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.

Bu barədə sonralar verilən məlumata görə, əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndindən keçib Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub. Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən bu əməliyyat xeyli sayda canlı qüvvənin itkisi ilə nəticələnib.

O zamanlar yeni formalaşdırılan Azərbaycan Milli Ordusunun I batalyonu və Şuşa şəhərinin müdafiə taboru Daşaltıya getmişdi. Azərbaycan taqımları düşmənin pusqusuna düşərək məhv olublar. Bu əməliyyatda itkin düşmüş hərbçilərimizin bir çoxunun taleyi haqqında indi də məlumat yoxdur. Daha dəqiq desək, əməliyyatda itkin düşmüş hərbçilərimizin taleyi haqqında informasiya əldə etmək bu günədək mümkün olmayıb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov  isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu dünyanın qabaqcıl hərbi mərkəzlərində bu gün də öyrənilən Şuşa əməliyyatı ilə 70-dən çox yaşayış məntəqəsini, o cümlədən Daşaltı kəndini də işğaldan azad edərək şəhidlərimizin qisasını aldı. Vətən müharibəsində şanlı Qələbənin memarı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il martın 16-da Daşaltı kəndində olub. Dövlətimizin başçısı bildirib ki, rəşadətli Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Müzəffər Azərbaycan ordusunun azad etdiyi Daşaltı Şuşanın fəthinin açarı idi. Vətən müharibəsində canından keçən döyüşçülərimiz sayəsində indi Azərbaycan ordusu Cıdır düzündədir. Bu qürur və iftixar dolu günü də 44 günlük Vətən müharibəsində qələbə qazanan, Daşaltını da azad edən ordumuza borcluyuq.

M.Mustafayev,

"Respublika".