Ermənistanın hiyləgər gedişi
Siyasət

Ermənistanın hiyləgər gedişi

Mayın 8-də Avrasiya İqtisadi Birliyinin (AİB) toplantısında Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Qeyd edək ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin 7 milyard ABŞ dolları təşkil etdiyi məlum olub. Bunun həm də tərəflərin tələblərinə cavab verdiyi vurğulanıb. Bütün reallıqların fonunda Ermənistanın getdikcə Qərbə doğru hərəkət etmək məqsədlərini irəli sürür. Yada salaq ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borell və ABŞ Dövlət Katibi Antoni Blinken arasında keçirilən görüşdə də bir sıra məsələlər müzakirə olundu. Həmin məsələdə şübhəsiz gizli məqamlar da var idi. Bu, kollektiv Qərb tərəfindən Ermənistana siyasi-iqtisadi, təhlükəsizlik və hərbi dəstəyi özündə ehtiva edir. Belə olan halda, Ermənistan hazırkı vəziyyətdən sui-istifadə edərək iqtisadi mənfəət qazanmağa çalışır. Rəsmi İrəvan təkrar ixracda iştirak edib gəlir əldə etməsinə baxmayaraq, Qərbə doğru addımlayır. Sözsüz, bu Moskva tərəfindən böyük narazılıqla qarşılanır. Bir çox xarici ekspertlər bu səbəbdən Vladimir Putin və N.Paşinyan arasında baş tutan görüşün çox gərgin keçəcəyini bildirmişdilər. Amma bu məsələdə İrəvan hakimiyyəti çox hiyləgər mövqe nümayiş etdirdi. Belə ki, Rusiyanın hesabına qazanılan milyardlarla gəlir barədə Qərb heç bir ölçü götürmür. Əksinə, Ermənistana dəstək göstərilir ki, bu tamamilə qəbulolunmazdır. Qeyd edək ki, bir daha Qərbin ikili standartlarının şahidi oluruq. Mövcud şəraitdə Ermənistan Rusiya ilə iqtisadi əməkdaşlığı rəhbər tutur, siyasi təhlükəsizlik nöqteyi-nəzərindən Qərbin “qanadları” altına sığınır.

İlyas HÜSEYNOV,

politoloq.