İkinci Dünya müharibəsinin qəhrəmanları (Cəbrayıl Məmmədova ithaf olunur)
Tarixi şəxsiyyətlər

İkinci Dünya müharibəsinin qəhrəmanları (Cəbrayıl Məmmədova ithaf olunur)

Böyük vətən müharibəsində qələbənin 79-cu il dönümüdür. Bu tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar igidlik göstərmişlər.

Ümummilli Lider Heydər Əliyevin 5 may 1995-ci ildə Respublika sarayında nitqində qeyd etdiyi kimi: “İkinci Dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə olmuşdur. Bu müharibə milyonlarla insanın həlak olmasına, şəhərlərin və ölkələrin dağıdılmasına gətirib çıxarmışdır. İkinci Dünya müharibəsində, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Hitler faşizmi üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının, xalqımızın, respublikamızın vətəndaşlarının böyük rolu olmuşdur.”

Azərbaycan ziyalıları həm ön cəbhədə həm də arxa cəbhədə şücaət göstərirdilər. Belə ziyalılardan biri də dövrünün iqtisadçısı, dövlət və siyasi xadimi Cəbrayıl İbrahim oğlu Məmmədovdur.

O,1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının Yaycı kəndində anadan olmuşdur. 1932-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirib, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində, hərbi-siyasi məktəbdə təhsil almışdır. Həmin dövr ərzində Ağcabədi maşın-traktor stansiyasında kənd təsərrüfatı texniki kimi fəaliyyət göstərib, 1935-ci ildə məktəb direktoru (Naxçıvan MSSR Culfa rayonunun Yadcı kəndi),1941-ci ildə Culfa rayon xalq maarifi şöbəsinin müdiri (Naxçıvan MSSR),1941-ci ildə Böyük vətən müharibəsində iştirak etmiş və yaralanmışdır. 1943-cü ilin oktyabrında Azərbaycan Kommunist  Partiyası (Naxçıvan MSSR) Culfa Rayon Komitəsinin katibi, 1943 – 1952-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışmış, bundan başqa 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Böyük vətən müharibəsində iştirakına görə 3 dəfə “Lenin ordeni”, “Vətən müharıbəsi ordeni”, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.

Dəyərli insan, dövrünün hörmətli ziyalısı və siyasi xadimi olan Cəbrayıl Məmmədov 1976-cı ildə vəfat etmişdir.

“Respublika”.