Latviya Seyminin nümayəndə heyəti Ağdam şəhərində ermənilərin törətdiyi vəhşiliklərin şahidi olub
Digər xəbərlər

Latviya Seyminin nümayəndə heyəti Ağdam şəhərində ermənilərin törətdiyi vəhşiliklərin şahidi olub

Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin burada törətdiyi vəhşiliklərin, müharibə cinayətlərinin izləri ilə tanış etmək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara Ağdam haqqında ətraflı məlumat verib. Bildirib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da burdan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam Azərbaycanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbi Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.

Latviyalı deputatlara məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərindən Ağdamı dərhal tərk etməyi tələb edib. Amma buna baxmayaraq, Qətnamə yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan uzun illər boyu məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışıb. Eyni zamanda bəyan edib ki, əgər münaqişə dinc yolla həllini tapmasa, torpaqlar hərb yolu ilə işğaldan azad olunacaq. Belə də oldu. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan ordusu zəfər qazandı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi.

Hazırda işğaldan azad edilmiş Ağdamın yenidənqurma, bərpa dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, məktəb binasının təməlinin qoyub. Şəhərin baş planına əsasən burada 125 hektar sahəsi olan meşə-park yaradılacaq, fərdi evlər və çoxmənzilli yaşayış binaları inşa ediləcək. Şəhərin bir hissəsi isə açıq səma altında muzey kimi saxlanılacaq.

Nümayəndə heyəti sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gəlib. Məlumat verilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Bu tarixi qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb.

Latviya Seyminin nümayəndə heyəti ermənilərin Ağdam şəhər Cümə məscidində törətdikləri barbarlıqlarla da tanış olub. Qonaqların diqqətinə çatdırılıb ki, bu məscid 1868-1870-ci illərdə tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər.

Latviyalı qonaqlar daha sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Nümayəndə heyətinə ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.

Nümayəndə heyəti Ağdam şəhərindəki Şəhidlər xiyabanında da erməni barbarlığının şahidi olub. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamı yerlə-yeksan edən ermənilər Şəhidlər xiyabanındakı qəbirləri də vəhşicəsinə dağıdıblar.

AZƏRTAC