QHT-lər ekoloji cinayətlərin qarşısının alınmasını tələb edirlər
Digər xəbərlər

QHT-lər ekoloji cinayətlərin qarşısının alınmasını tələb edirlər

İşğal altında olan torpaqlarımızdan öz mənfəəti üçün istifadə edən, təbii sərvətlərimiz hesabına zənginləşərək regiondakı ekoloji tarazlığa ciddi ziyan vuran Ermənistan beynəlxalq ekoloji prinsipləri pozmuş, 30 ilə yaxın bir dövr ərzində müxtəlif ekoloji terror aktlarına imza atmışdır. Sözügedən dövr ərzində bölgənin ekoloji tarazlığına ciddi ziyan dəymişdir. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmışdır.

Dünən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıblar. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunub.

Məsələ ilə bağlı "Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev bildirib ki, Ermənistan ekoloji norma və prinsiplərə uyğun olmayaraq həyata keçirdiyi dağ-mədən sənayesi işləri ilə BMT-nin bir sıra konvensiyalarının, o cümlədən "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyasının, "Su və sağlamlıq haqqında" protokolunun, o cümlədən "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Espo Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusən də "Yaxşı səhiyyə və rifah" üzrə 3-cü, "Təmiz su və sanitariya" üzrə 6-cı, "Məsuliyyətli istehsal və istehlak" üzrə 12-ci, "İqlim dəyişikliyinin nəticələri ilə mübarizə" üzrə 13-cü və "Yer Ekosisteminin Mühafizəsi" üzrə 15-ci məqsədlərinin əleyhinə çıxır, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.

Biz Azərbaycan Respublikasında fəaliyyət göstərən 29 Qeyri-Hökumət Təşkilatı sübutlar və əsaslandırılmış faktlarla Birləşmiş Millətlər Təşkilatın müxtəlif qurumlarına, Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF), "Friends of Earth" təşkilatı, İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI), "Greenpeace" təşkilatı və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan və ekosistemə qlobal və regional səviyyədə əhəmiyyətli dərəcədə təsir göstərən ekoloji fəlakətə təxirə salınmadan təcili diqqət yetirmələrini bildirmişik.

Bildiyimiz kimi, Ermənistanın dağ-mədən sənayesində müəssisələrin zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Zərərli tullantı sularının Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün istifadə edən təsərrüfatlara, eyni zamanda içməli su ehtiyatlarına ciddi təhlükə yaradır. Belə ekoloji təsirlər birbaşa regionda insanların sağlamlığına və onların ciddi xəstəliklərə yoluxmasına, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinin məhvinə gətirib çıxarır.

Məlumdur ki, Ermənistan Avropa İttifaqından "EU4Environment" proqramı çərçivəsində qrantlar alır. Görünür ki, Ermənistan aldığı maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlər üçün istifadə edir.

İnanırıq ki, Birləşmiş Millətlər Təşkilatı və müraciət ünvanladığımız digər beynəlxalq qurumlar Ermənistanı ekoloji konvensiyalara əməl etməyə çağıracaq və bu ölkənin regionda yaratdığı ekoloji problemlərin həllinə dəstək olmağa səy göstərəcəklər.

Nurlan ABDALOV,

"Respublika".