Koronavirus əleyhinə növbəti dezinfeksiya işləri
Region

Koronavirus əleyhinə növbəti dezinfeksiya işləri

GƏNCƏ

Ölkəmizdə dünyanı cənginə alan dəhşətli, ölümsaçan koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir. Son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq səhər saatlarından təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb. Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində,  idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirilib.Qeyd edək ki, aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd şəhər sakinlərini “COVID-19” virusundan qorumaqdır. Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edib ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunmalı, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.  

Zabit XƏLİLOV,

“Respublika”.

 

Qazax

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da son günlər ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayındakı artım nəzərə alınaraq bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib. Genişmiqyaslı tədbirlər çərçivəsində Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən avqustun 28-də səhər saatlarından başlayaraq növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firudin Şamoyev küçələrində, sakinlərin sıxlıq təşkil etdiyi “Fəxri qazaxlılar” parkında, "Qazax Avtovağzal” ASC-də, şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlarda aparılıb.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən qeyd edilən ərazilər, marşrutlar Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər vətəndaşlar tərəfindən də minnətdarlıqla qarşılanır.

 

Vəli VƏLİYEV,
“Respublika”.