Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub
Digər xəbərlər

Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub. Martın 29-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təltif olunan hərbi qulluqçuların təqdimat mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun tibb personalının təltif olunması ilə bağlı müvafiq əmri oxunub.

Tibb İdarəsinin rəisi Firudin Nəbiyev çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə yüksək qiymətləndirilib. Hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə ambulator yardım göstərib.

Çıxışlarda hərbi həkimlərimizin Vətən müharibəsində peşəkarlıq nümayiş etdirdikləri Azərbaycan Prezidenti, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildikləri xüsusi vurğulanıb.

Mərasimin sonunda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal fəxri fərmanlar təqdim edilib.

M.KAMAL,

Respublika”.