İsmayıllı rayonu
Region

İsmayıllı rayonu

Təbii sərvətlərin yanğından mühafizə olunması mühüm vəzifədir

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı əsasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində yanğın təhlükəsizlik qaydaları və yanğın baş verdikdə çevik, operativ müdaxilə edilməsi məqsədilə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə təlim keçirilib.

Məlum olduğu kimi yay aylarında çoxlu sayda insanlar, eyni zamanda rayona digər yerlərdən istirahətə gələn turistlər meşə ərazilərinə daxil olaraq burada istirahət edirlər. Həmin insanların bəzən diqqətsizliyi nəticəsində təbiət ərazilərində yanğın halları baş verə bilər. Odur ki, əlaqədar qurumların, eyni zamanda Şahdağ Milli Parkının nümayəndələrinin bu məsələlərə ciddi nəzarət etməsi vacibdir. Tədbirdə yanğın mühafizəsi işçiləri tərəfindən baş verə biləcək yanğın halların çevik və operativ surətdə aradan qaldırılması yolları əyani surətdə nümayiş etdirilib. Təbiət ərazilərinin yanğın hadisələrindən etibarlı mühafizə olunması üçün müvafiq qurumların, ictimaiyyət fəallarının əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılmasının vacibliyi qeyd olunub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov,  həmin nazirliyin Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev də iştirak edib.

 

İsmayıllıda “Şəhərdən kəndə” layihəsi

İsmayıllı rayonunun Təzəkənd kəndində “Şəhərdən kəndə” layihəsinə start verilib.

İlk dəstək İsmayıllı rayonunun Təzəkənd kəndində fermer Ramtiq Alızadənin “Lakeside Garden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları təsərrüfatı ziyarət ediblər.

“Lakeside Garden” təsərrüfatı aqroturizm fəaliyyətinə “Şəhərdən kəndə” layihəsinə qoşulduqdan sonra başlayıb. Layihə çərçivəsində təsərrüfat sahibi aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Yay mövsümü olduğu üçün hazırda təsərrüfatı bir ay ərzində 250-300 turist ziyarət edir.

“Şəhərdən kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb.

Qeyd edək ki, “Şəhərdən kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib.

Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-yə yaxını əcnəbi turistlərdir.

Təsərrüfat sahiblərinə və turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və müraciətlərinin asanlaşdırılması məqsədilə layihənin www.tovillage.az portalının beta-versiyası istifadəyə verilib.

Ölkəmizdə karantin rejimi ləğv edildikdən sonra portal vasitəsilə müxtəlif regionlara təşkil olunan turlara qoşulmaq və fərdi turlar sifariş etmək mümkün olacaq.

Xatırladaq ki, “Şəhərdən kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Paşa Holding”in dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, İsmayıllıda kənd turizminin inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Kənd turizminin inkişafı üçün, həmçinin ailələrin maddi rifahını yaxşılaşdırmaq məqsədilə bu işə marağı olan vətəndaşlar kənd turizminə qoşulmağa və keyfiyyətli xidmət göstərməyə dəvət olunurlar.

 

Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib

İsmayıllı rayonunda “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, kitabın müəllifi əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Qarabağ müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak edib. Təqdimat Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun təşkil  olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabın müəllifi Abdulla Qurbani şəhid ailələrini, qaziləri və digər tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yaxından köməyi ilə hazırlanmış xatirə kitablarının dəsti yeddi cilddən ibarət olacaq. 800 səhifəlik birinci kitabda Prezident İlham Əliyev tərəfindən “Zəfər günü”nün təsis edilməsi, bu sahədə görülən işlərlə bağlı sərəncamlar, həmçinin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərdə verdiyi tövsiyələr və dəyərli fikirlər öz əksini tapıb.

Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin problemlərinin həlli, həmçinin sosial təminatının gücləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

Tədbirdə şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və kitabın hazırlanmasında, işıq üzü görməsində zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabı hədiyyə olunub və xatirə şəkli çəkilib.

 

İstedadlı məktəblilərlə görüş keçirilib

İsmayıllıda buraxılış imtahanlarında və müsabiqələrdə uğur qazanmış bir qrup məktəblilərlə görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, təhsil şöbəsinin müdiri Rövşən Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Təşkilatının sədri Hafiz Kərimov iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı İsmayıllı təhsilində də öz bəhrəsini göstərir.

Pandemiyanın təhsildə yaratdığı çətinliklərə baxmayaraq təhsil işçiləri, müəllimlər məktəblərin bağlı olduğu dövrdə də  əllərindəki bütün imkanlardan istifadə edərək şagirdlərin təhsil uğurları qazanmalarına nail olublar.

Rayon rəhbəri məktəblilərlə səmimi söhbət edərək, bu millətin, bu xalqın işıqlı sabahının məhz onlardan asılı olduğunu vurğulayıb.

Görüşdə ulu öndərin əziz xatirəsinə həsr edilmiş "Ən yaxşı təqdimat", "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa yazı,  "Qarabağ uşaqların gözü ilə" videoçarx, idman yarışları, buraxılış imtahanları, fənn müsabiqələri və olimpiadaların, “Sabahın alimləri" kimi nüfuzlu müsabiqələrin qalibləri olmuş istedadlı və təhsildə yüksək nəticələri olan məktəblilərə Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin diplom və qiymətli hədiyyələri təqdim edilib.

Şagirdlər onlara göstərilən diqqət və qayğıya görə müəllimlərinə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Rasim AMANOV,

“Respublika”.