Gəncədə Milad bayramı qeyd olunub
Sosial həyat

Gəncədə Milad bayramı qeyd olunub

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kilsədə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, dini ayinlər həyata keçirib, dualar oxuyublar.

Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. Bu bayram Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada şam yanmalıdır. Müqəddəs gecənin ən əsas yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Xatırladaq ki, Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.

AZƏRTAC