Əbədi Vətən sevgisi
Region

Əbədi Vətən sevgisi

Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan Vasif Vaqif oğlu Abıyevin 34 illik ömür yolu hamımıza örnək oldu. Lənkəranın Nərimanabad qəsəbəsində boya-başa çatan igidin doğma Azərbaycana olan sevgisi uca Tanrıdan gəlirdi. Elə buna görə də erməni dığalarından yurdunun qisasını almaq onun arzusu idi. Odur ki, Lənkəran elinin mərd oğlu Vasif İkinci Qarabağ müharibəsi başlanan gündən çəkinmədən ölüm-dirim savaşına atılıb, düşmənin dərsini verməklə adını şanlı tariximizə yazdırıb.

İşıqlı qayələrlə, xeyirxah, xoş əməllərlə orta məktəbi bitirən Vasif 2004-cü ildə ordu sıralarına çağırılır. Cəbhə xəttində düşmənlə qarşı-qarşı Vətənin keşiyində durur. Dığalardan qisas alacağı günü həyəcan içində gözləyir. Hər an əzəli yurd yerimiz Qarabağ torpaqlarının azadlığını düşünən əsgər hərbi təlimlərdə fəal olur, komandirlərin göstərişlərinə dəqiqliklə əməl edir, yüksək döyüş hazırlığı qazanır. Onu əsgər və zabitlərə sevdirən igidliyi, mərdliyi, ən əsası Vətənə layiqli xidməti olur.

Müddətli həqiqi xidməti başa vurduqdan sonra Vasif doğma elində cəmiyyət üçün gərəkli işlərilə insanların gözündə daha da ucalır. Nəhayət, İkinci Qarabağ müharibəsi başlanır. Vətənə cəsur oğullar lazım olanda o, könüllü özünü birincilər sırasında qabağa verir. Elə ilk döyüşü qələbə ilə bitir. Daha sonra Murovdağ, Füzuli, Xocavənd istiqamətində qəhrəmanlıq səhifəsi yazır. Vasif dəfələrlə ölümlə üz-üzə gəlir, lakin igid əsgər bir addım da geri çəkilmir. Əksinə, yüksək döyüş ustalığı onun silahdaşlarını da qələbəyə doğru aparır.

5 oktyabrda Vasif sonuncu dəfə döyüşə girir. Özü şəhid olsa da, qan tökdüyü yerdə Azərbaycanın əzəmətli bayrağı dalğalanır. Dövlət tərəfindən isə ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin azadlığına görə medalları doğmalarına onun əsl qəhrəman olduğunu göstərən nümunədir.

Zəfər ORUCOĞLU.