Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfədir
İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfədir

Azərbaycan Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanı verən ilk ölkədir. 1994-cü ildə Azərbaycan fəal şəkildə dünyanın aparıcı enerji şirkətləri ilə işləməyə başlamış və “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu, ölkəmizin enerji strategiyasının reallaşdırılması istiqamətində atılmış vacib addım idi.

1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir və digər yataqlarda da əlavə qaz həcmləri mövcuddur. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrildi. 1999-cu ildə Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəməri istifadəyə verildi. 2006-cı ildə istismara verilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə təchizat marşrutların şaxələndirilməsinə nail olduq. 2007-ci ildə Azəbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşası başa çatdı və qonşu ölkələr təbii qaz ilə təmin edilməyə başladı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalandı və Cənub Qaz Dəhlizinin təməli qoyuldu.

2018-ci ildə Trans-Anadolu (TANAP) qaz boru kəmərinin icrası başa çatdıqdan sonra, 2020-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də yekunlaşdırıldı. Azərbaycan TAP layihəsi vasitəsilə qiymətinin yüksək olduğu bazara çıxış imkanı qazandı. TAP-ın sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxdı və İonik-Adriatik boru kəmərinin inşasına imkan yaratdı. Bu kəmər həyata keçirildikdən sonra Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradılacaq.

Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi layihəsinin uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Boru kəmərləri sisteminin nəqletmə gücü ildə 31 milyard kubmetrə qədər artırılacaq. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. “Şahdəniz-2” layihəsinin başa çatması, TANAP layihəsinin istismara verilməsi ilə Cənub Qaz Dəhlizinin əsas layihələri artıq bitmişdir. Layihənin ilkin dəyəri 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olmuş və gələcəkdə daha çox ölkələrə qaz ixrac edəcəkdir.

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək demişdir: “Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur”.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson çıxış edərək demişdir: “Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır. Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.

TAP-ın idarəedici direktoru Luka Şiepatti TAP-ın vaxtında istismara verilməsini mühüm hadisə adlandırıb. Bildirib ki, məhz bu layihə Azərbaycanın təbii qazını Avropaya çatdırır. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz bu strateji uğur münasibətilə təbriklərini çatdıraraq deyib ki, Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz vurğulayıb ki, Cənub Qaz Dəhlizi bütün regiona fayda gətirir və bu enerji dəhlizi əməkdaşlığın onurğa sütunudur. İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe Cənub Qaz Dəhlizi layihəsinin qlobal əhəmiyyətindən danışaraq onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək dəyərləndirib. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natela Turnava bildirib ki, Gürcüstan öz tərəfdaşları, o cümlədən Azərbaycanla birgə Cənub Qaz Dəhlizi konsepsiyasını daha da inkişaf etdirməkdə qərarlıdır, bu da ölkəmizin uzunmüddətli tərəfdaşlığından qaynaqlanır.

Bu gün Azərbaycan Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP vasitəsilə İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qaz çatdırılacaq. Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunmuşdur. Həm TANAP-ın, həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulur. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirir.

Kamil İSMAYILOV,

“Respublika”.