Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcəklər
İQTİSADİYYAT

Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcəklər

 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün növbəti təcrübə proqramı elan edir. 11 ay davam edəcək proqram çərçivəsində 50 nəfər gənc İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcək.

Nazirliyin   mətbuat    xidməti   bildirir   ki,təcrübə proqramında iştirak etmək istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis dilini bilməlidir. Məzun olmuş gənclərlə yanaşı, bakalavriat və magistratura səviyyəsi üzrə sonuncu kurslarda təhsil alan tələbələr də təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər.

Hərbi xidmət öhdəliyi olan gənclər proqramda iştirak edə bilməzlər.Proqram 20-28 yaş aralığında gənclər üçün nəzərdə tutulur.Təcrübə proqramı 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək davam edəcək.

Nəriman CAVADOV,

“Respublika”.